Baxış sayı: 596
“Azərbaycan Animasiya Assosiasiyası“ ictimai birliyinin üzvləri Mədəniyyət Naziri Adil Kərimliyə müraciət ünvanlayıblar. Müraciətdə yazılıb:
“Azərbaycan Animasiya Assosiasiyasının əsas məqsədi – milli animasiya kino sənətinin inkişafına yardım etməkdir. Birlik özünü dövlət strukturları və özəl sektor arasında vacib vasitəçi kimi görür, mədəniyyətimizə, milli kinomuza öz töhvələrini verməkdə davam etməyə hazırdır.
Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) animasiya kinosunun inkişafına dair üç əsas təklifimiz var:
- Təəssüflə bildiririk ki, animasiya kinosu milli kinomuzun inkişaf strategiyasında heç vaxt prioritet olmayıb. Sovet Azərbaycanının 80-ci illərinin ən məhsuldar dövründə hər il 5 film çəkilirdi. Müasir dövrdə isə hər il cəmi bir-iki animasiya filmi çəkilir. Nəticədə gənc və istedadlı kadrlar xaricə köçür və ya “outsource” işləyirlər. Uşaqlarımız isə, əsasən, türk, rus və ingilis dillərində animasiya filmlərinə baxırlar. Bu səbəbdən, düşünürük ki, Azərbaycanda məhz milli məzmunda və öz dilimzidə daha çox animasiya nümunələrinə böyük ehtiyac var. Təklif edirik ki, Mədəniyyət Naziriyi ARKA ilə birlikdə məhz bu problemin həll olunması üçün özəl animasiya şirkətləri üçün pitçinq müsabiqələr təşkil etsin və daha çox animasiya layihələrini dəstəkləsin. Beləliklə, Azərbaycan animasiya sənayesi subyektləri (şirkətləri) çoxalacaq və ixrac qabiliyyətli animasiya filmlərinin sayı artacaq. Burada məqsəd özəl animasiya şirkətlərinə dəstək verərək, onların tədriclə maliyyə cəhətdən dövlətdən asılılığını azaltmaq, sağlam və rəqabətli animasiya sənayesi yaratmaqdır.
[Müqayisə üçün qeyd edək ki, ölkəmizlə demək olar ki, eyni ərazi və əhali sayı olan Çexiya Respublikasında hər il 100-dən çox animasiya filmi çəkilir.] - Azərbaycan Animasiya Assosiasiyası və kino ilə məşğul olan digər ictimai birliklərin uğurlu fəaliyyətinin davamlılığını təmin etmək üçün Mədəniyyət Naziriyi və ARKA-nın dəstəyi çox önəmlidir. Düşünürük ki, ictimai birliklərin layihələrinin dəstəyi müsabiqə yolu ilə və şəffaf şərtlərlə olmalıdır.
- Animasiya təhsili üzrə problem də gündəmdə qalır. Əfsuslar olsun ki, ölkəmizdə ixtisaslaşmış kadrlar çox azdır və yeni peşəkar kadrlara böyük ehtiyac duyulur. Nəticədə bəzi müasir animasiya filmlərimiz dünya standartlarına cavab vermir və nəinki ixrac olunmur, hətta ölkəmizdə də tamaşaçılar tərəfindən qəbul olunmur. Bu vacib problemi həll etmək üçün, Mədəniyyət Naziriyi ilə birgə ARKA yerli və xarici mentorların iştirakı ilə uzunmüddətli (ən azı 12 aylıq) animasiya kurslarının təşkil olunmasına dəstək olmalıdır.”
Sonda animatorlar təklifləri daha geniş şəkildə müzakirə etmək üçün nazirlə görüşmək istədiklərini bildiriblər.