10-15 noyabr tarixlərində Bakıda keçiriləcək 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı film qəbulunu açıq elan edir!
Müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqəyə, “Cinemobil”-ə isə 5 dəqiqəyə qədər qısa filmlərini təqdim edə bilərlər.
Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-nə kimi Filmfreeway platforması üzərindən göndərməlidirlər.
Filmlər 2022-2023-cü illərdə istehsal olunmalıdır.
Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-nə kimi göndərə bilər.
Filmlər 2021-2023-cü illərdə istehsal olunmalıdır.
Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.
“Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda tələbə filmləri yarışacaq. Bu nominasiyaya film təqdim edən tələbələr qeydiyyat blankında “Ən yaxşı tələbə filmi nominasiyası” bəndinin qarşısında “bəli” düyməsini seçməlidirlər. Filminin tələbə filmləri ilə deyil, müsabiqənin digər filmləri ilə yarışmasını istəyən tələbələr isə həmin bəndin “xeyr” düyməsini seçməlidirlər. Belə olan halda həmin tələbənin filmi “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda deyil, müsabiqənin digər nominasiyaları uğrunda yarışacaq.
“Cinemobil” müsabiqəsinə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Filmlərin müddəti 5 dəqiqədən artıq olmamalıdır. Bu müsabiqədə “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.
Festivala göndərilən filmlər peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası tərəfindən dəyərləndirilib müsabiqəyə daxil ediləcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.
Festivalın müsabiqə bölmələrində mübarizəyə qoşulacaq filmlərin siyahısı festivalın saytında yerləşdiriləcək.
Hər il festivalın münsiflər heyətində Kann, Berlin film festivallarında ən yüksək mükafatlara layiq görülən və söz sahibi olan kinematoqrafçılar təmsil olunur. Bu il də festival ənənəsinə sadiq qalaraq peşəkar mütəxəssisləri bir araya gətirəcək. 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar” behiştdən onlarla dənəciyi- ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. Film çəkən rejissor da enerji, ideya və ssenarini öz “bətnində” daşıyır. O an gəlib çatdıqda rejissor bətnindəkini işıqlı və real məkana çıxarır. Beləliklə, kino qaranlıqda işığın əks olunması ilə başlayır.
“Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.
Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan QISA FİLMLƏRƏ marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.
Mənbə: Bakı Beynəlxalq Qısa Filmlər Festivalının rəsmi saytı