Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi.
Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə ediləcək. Təşkilatçılar qarşıdakı günlərdə toplanan vəsait barədə ictimaiyyətə məlumat verəcəklərini bildiriblər.
Festivalın müsabiqədənkənar və peşəkar proqramları bu il də Asiya və Avropa filmləri ilə zəngin olub. Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən, “Oscar” mükafatlı rejissor Michaël Dudok de Wit-in, “Netflix” və “Apple TV” kimi şirkətlərlə çalışan kanadalı animator Matthew Lyon-un, “Hədis” filminin yaradıcı heyətinin və (uşaqlar üçün) gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana-nın vörkşopları baş tutdu.
Festival çərçivəsində ölkəmizdə ilk dəfə “Oscar” mükafatlı rejissor Michaël Dudok de Wit-in Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” filmi müəllifin iştirakı ilə nümayiş etdirildi. Filmdən sonra tamaşaçılar rejissorla canlı müzakirə apardı. Qeyd edək ki, rejissorun “Oscar” və “BAFTA” kimi mükafatlar qazanmış “Ata və qız” animasiya filmi festivalın açılış mərasimində nümayiş etdirildi.
Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın müəllif üçün avropalı mentorlar — isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər və individual görüşlər keçirilib. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunub və proqram jüriləri tərəfindən dəyərləndirilib. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.
Festival gedişində, həmçinin, 7 sentyabr 2023-cü il tarixində dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev Mərkəzi”ndə “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olundu.
6-cı ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan) kimi peşəkarlardan ibarət idi.
Bu il festivalın bütün uşaq tamaşaçıları səsvermədə iştirak edərək “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” qalibini də seçdilər.
Bunlardan əlavə, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirdi.
Festivalın yerli müsabiqəsinin – “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatının bir qalibini (mükafat 500 ABŞ dolları) Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, digər qalibini isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon açıqladı. Səfir bildirdi ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılacaq.
Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və festivalın kreativ direktoru Nəzrin Ağamalıyeva festivalı bağlı elan etdilər.
Beynəlxalq müsabiqələrin qalibləri:
“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – (mükafat 1000 ABŞ dolları) – “The End of War” (“Müharibənin sonu”), rejissor Lei Chen, Çin.
“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – (mükafat 500 ABŞ dolları) – “Everywhere” (“Hər bir yerdə”), rejissor Step Cheung, Kai Chung Ng, Çin.
Yerli müsabiqənin qalibləri:
“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – (mükafat 500 ABŞ dolları) – “Baharın oğurlanması” (“Stolen Spring”), rejissor Aleksandra Şirinova, Azərbaycan.
“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” (Annecy festivalına səfər mükafatı) – The Half – “Birdən ölsək” (The Half – “If We Die”), rejissor Rəvan Muradov, Azərbaycan.
“Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” – (mükafat 300 ABŞ dolları) – “Boş yerlər” (“Empty Spaces”), rejissor Ayan Novruzlu, Azərbaycan, Böyük Britaniya.
Tamaşaçı seçimi müsabiqəsinin qalibi:
“Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” – “Boş yerlər” (“Empty Spaces”), rejissor Ayan Novruzlu, Azərbaycan, Böyük Britaniya.
“Animasiya filmləri vasitəsilə qadın haqları” inkişaf vörkşopu və maliyyə proqramının qalibləri:
1-ci yer: “Züleyxa Seyidməmmədova” (“Zuleykha Seyidmammadova”), rejissor Mehriban Əliyeva, Azərbaycan.
2-ci yer: “Üzük” (“Ring”), rejissor Leyla Novruzova, Azərbaycan.
Festivalın təşkilatçıları:
Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC.
Festivalın baş sponsorları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi, əsas sponsoru İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, digər sponsorları Niderland Krallığının Azərbaycandakı Səfirliyi və “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatı olub.
Festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Shahmaran Metaceramica”, “Gender Hub Azerbaijan”, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “Tripsome”, “XPPen”, “Mr. Chemical”, “Bonaqua“, “Dynamic Box“ şirkətləridir.
Festivalın media tərəfdaşları:
“Skwigly” onlayn animasiya jurnalı, Mədəniyyət TV, Trend İnformasiya Agentliyi, Day.az, Milli.az, Azernews, “Əkinçi”, “VarYox”, “KYNO” platformaları və CityLife.az.