Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2023-cü il 6-10 sentyabr arası Nizami Kino Mərkəzində keçiriləcək. Ötən həftələrdə festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb. Festivalın beynəlxalq münsiflər heyəti və xarici qonaqlarının siyahısı bəlli oldu.
Festivalın beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib: Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan).
Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar qatılacaq: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş krallıq).
Qeyd edək ki, Michaёl Dudok de Wit 2001-ci ildə “Ata və Qız” (Father and Daughter) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında nüfuzlu “Oscar” mükafatı qazanmış niderland əsilli rejissor və illüstratordur. O, bu filmə görə, həmçinin, “BAFTA” və “Annecy” (Ansi) festivalında Qran-Pri mükafatlarına layiq görülüb. Rejissor festivala digər bir filmi – Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmini şəxsən təqdim etməyə gəlir. Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli masterklası keçiriləcək. Masterklas həm peşəkar animasiya, kino və incəsənət mütəxəssisləri, həmçinin, bu sahənin həvəskarları üçün nəzərdə tutulub.
Festivalın digər xarici qonağı – kanadalı kinorejissor və müəllim Matthew Lyon 25 illik kino karyerasında bir çox mükafata layiq görülmüş, “Netflix” və “Apple TV” kimi nəhənglərlə çalışan dünya animasiya sənayesinin aparıcı mütəxəssislərindəndir. O, festivalda “Peşəkarlar üçün animasiya” masterklası keçərərək iştirakçılarına uğurlu karyera quruculuğu haqqında məsləhətlər verəcək.
“Klassik Azərbaycan animasiya filmləri” tədbirində Məsud Pənahinin iştirakı ilə onun əfsanəvi “Pıspısa xanım və Siçan bəy” (Tıq-Tıq Xanım) filminin nümayişi və müzakirəsi keçiriləcək.
Hindistanın AniMela festivalının direktoru Kireet Khurana isə festivalın tamaşaçıları üçün “Mükafata layiq görülmüş ən yaxşı Hindistan animasiya filmləri” proqramını təqdim edəcək.
Qeyd edək ki, festivalın bilet satışlarından əldə olunan gəlir gənc qadın rejissorlarımıza ianə ediləcək. Festival çərçivəsində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı da təşkil olunacaq. Proqramda beş müəllif iştirak etmək hüququ qazanıb.
Layihə iştirakçılarına münsiflər heyətinin üzvləri – Isabelle Favez və Olivier Catherin peşəkar təlimlər keçəcək. Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.
Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini festivalın “ANIMAFILM School: Pitçinq müsabiqəsi” tədbirində ictimaiyyətə təqdim edəcəklər. Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq.
Festivalın peşəkar proqramı çərçivəsində “Hədis” filminin rejissoru Nəzrin Ağamalıyeva və ssenaristi İsmayıl İmanın iştirakı ilə “ANIMAFILM School: “Hədis” necə istehsal olunub” adlı masterklası keçiriləcək. Beynəlxalq münsiflər heyətinin üzvləri – Tehzeeb Khurana və Ana Chubinidze isə uşaqlar üçün xüsusi vörkşoplarda animasiya nümunələri yaratmağı öyrədəcək.
Festivalın həmtəşkilatçısı “PERİ FİLM” MMC şirkətidir.
Festivalın baş sponsorları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi, əsas sponsoru isə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyidir. Festivalın digər sponsorları Niderland Krallığının Azərbaycandakı Səfirliyi və “TOTD/Tip Of The Day” icma mərkəzi və ictimaiyyətlə əlaqələrdir.
Builki festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Shahmaran Metaceramica”, “Gender Hub Azerbaijan”, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “Tripsome”, “XPPen”, “Mr. Chemical”, “Bonaqua“, “Dynamic Box“ şirkətləridir.
Festivalın media tərəfdaşları bunlardır: “Skwigly” onlayn animasiya jurnalı, Mədəniyyət TV, Trend İnformasiya Agentliyi, Day.az, Milli.az, Azernews, “Əkinçi”, “VarYox”, “KYNO” platformaları və CityLife.az.