Baxış sayı: 684
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.
Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. Film 25-dən çox beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan üçü – Annecy, Busan və Animest Oskar kvalifikasiyalı festivallardır.
Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır, montajçı Jorge Sánchez Calderón, bəstəkar Ondřej Zavadil, səsləndirən Zöhrə Kərimi, redaktoru Rafiq Məmmədlidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.
“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.