Disney haqqında danışmamışdan əvvəl sizə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-ündə “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək yubiley tədbiri barədə söz açmaq istərdim.
Disney-in 100 illiyi ilə bağlı tədbirlər dünyanın bir çox ölkələrində keçirilir. Azərbaycanda belə bir tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə Nizami Kino Mərkəzində baş tutacaq. Tədbir çərçivəsində saat 18:00-da “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub. Bu animasiya filmi Çin əfsanəsinə əsaslanır. Film döyüşkən bir qızdan bəhs edir. Mulan, bir qızın necə döyüşçüyə, bir döyüşçünün isə necə əfsanəyə çevrilməsi barədədir. Yeri gəlmişkən, yuxarıda adı çəkilən tədbirdə iştirak etmək üçün biletləri buradan əldə edə bilərsiniz.
Yaxşı xatırlayıram, uşaq olarkən məktəbdəki dərslərim bitən kimi yerli telekanalları açıb animasiya filmləri verən kanal axtarırdım ki, mənəvi cəhətdən istirahət edim. Məlum məsələdir ki, Azərbaycanda animasiya filmlərinin istehsalı çox az olduğundan, yerli telekanallarımız məcbur olub məşhur xarici animasiya studiyalarının istehsal etdiyi filmləri yayımlayırdılar. Walt Disney də bunlara daxil idi. Hətta elə olurdu ki, Walt Disney animasiyalarını izləmək üçün şənbə və bazar günləri saat 8-də yuxudan durub, sevdiyim personajların macəralarını izləyirdm.
Məktəbi bitirəndən sonra animasiya filmlərinə marağım azalmadı. Oxuduğum kursda müəllim mənə “Gələcəkdə nələr etmək istəyirsən? Gələcəklə bağlı planların nədir?” dedikdə, cavabım “Walt Disney kimi bir animasiya film studiyası yaradıb, öz animasiya filmlərimi qloballaşdırmaq və Azərbaycan animasiya filmləri sənayesini inkişaf etdirmək” olmuşdu.
Walt Disney məni o qədər tilsimləmişdi ki, öz-özümə dedim “Niyə də başlamayım?” və başladım. Hazırda isə bunları sizə danışan beynəlxalq film və animasiya festivallarında iştirak etmiş, mükafatlar qazanmış və öz arzusunu həyata keçirib, Azərbaycan animasiya film sənayesinin inkişafına azacıq da olsa təkan vermiş olan müstəqil rejissor və ssenaristdir.
Yaxşı bəs, Walt Disney animasiya film studiyası nədir? Walt Disney animasiya filmləri, Azərbaycan animasiya filmlərinin inkişafı üçün niyə bu qədər önəmlidir?
“Disney Brother Cartoon Studio” şirkəti 1923-cü il oktyabrın 16-sında Uolt Disney və onun qardaşı Roy tərəfindən yaradılıb. Bununla dünyada ən böyük əyləncə şirkətlərindən birinin əsası qoyulub. Demək olar ki, Walt Disney öz studiyasında hazırladığı animasiya filmləri, günümüzün əfsanəvi animasiya filmlərinin əsasını təşkil edir. Walt Disney animasiya filmi mədəniyyətini yaradan addır. Walt Disney, animasiya filmlərinin əsas prinsiplərini yaradıb. Hər şey 1928-ci ildə Walt Disney-in qurucusu və illüstratoru Uolter Eliasın animasiya filmlərindən başlayıb.
Texnoloji inkişafın sürətlənməsi ilə animasiya texnikaları inkişaf etmişdir. Xüsusilə kompüterin ixtirası animasiya filmləri sənayesinin inkişafına böyük töhfə verdi. Müxtəlif kompüter proqramlarından istifadə etməklə 2d və ya 3d animasiya filmləri hazırlanmağa başlandı.
Animasiya filmi sənayesində kompüterlərə üstünlük verilməsinin ən mühüm səbəblərindən biri animasiya filminin hazırlıq prosesinin uzun və yorucu olmasıdır. Klassik animasiya filmi texnikasında hər bir kadr əllə çəkilir və buna görə də böyük səy və vaxt tələb olunur. Ancaq bu proses kompüter vasitəsilə çox daha qısa müddətdə həyata keçirilə bilərdi və bu, animasiya filmi sənayesinə fərqli bir perspektiv verdi.
Disney öz qarşısına bütövlükdə yüzilliyə dair yeni vəzifələr qoyub. Elə indiyə kimi olan uğurları bunu təsdiq edir: 26 “Oscar” və 37 “Oscar”a namizəd.
Kinematoqrafiya tarixində səsli və musiqili film və animasiya filmlərinin yaradıcısı Walt Disney. Onun əsasını qoyduğu nağıl dünyasının bu il bir əsr yaşı olur. Bu illər ərzində milyonlarla uşağın həyatının bir parçası olmağı bacaran şirkət, həm də böyük əyləncə sənayesi ilə böyüklərin ürəyini fəth edib. Walt Disney artıq 100 yaşındadır. 1923-cü ildən “Miki” və “Mini” mouse personajları ilə başlayan Disney macərası artıq bir əsrdir ki, uşaqdan-böyüyə hər kəsə xitab edir. “Pluto”, “Goofy”, “Donald Duck”, “Pinokio” və “Bambi” kimi dünyaca məşhur animasiya filmlərinin yaradıcısı Walt Disney bir neçə nəslin qəlbini fəth edib.
Sizcə Disney bunu necə bacardı?
İşin sehri emosiyalarla bağlıdır. Ən vacib məqam isə səs aktyorlarının animasiya personajının verdiyi emosiyalara toxuna bilməsi və izləyicilərə çatdıra bilməsidir. Məsələn, Mikinin hazırkı səsləndirməcisi olan səs aktyoru Brit Ayvin deyir:
“Mən Mikini səsləndirərkən uşaqlığımı, həmin dövrdə onu izləyərkən keçirdiyim hisslərimi xatırlayıram. Şübhəsiz ki, bütün bunlar Miki personajını səsləndirərkən iş prosesinə bilavasitə təsir edir. Axı dublyaj tək səsdən ibarət deyil! Səsləndirmənin arxasında aktyorluq da dayanır. Texnika qədər emosiyada vacibdir”.
Dünyanın ən məşhur animasiya filmlərinin personajlarının yaradıcısı Walt Disney bu illər ərzində onlarla tam və qısa metrajlı filmlər ərsəyə gətirib. Həyat verdiyi 500-dən çox personajı dünyaya sevdirib.
Walt Disney-də çalışan rejissor və animator Erik Qoldberq deyir:
“Əksəriyyətimizin kinoteatr təcrübəsi Disney filmlərindən başlayıb. Bu filmlər bir çoxumuzu birləşdirir. Bundan başqa animasiya filmlərin rəf ömrü də var. Məsələn, “Banbi” animasiya filmi heç bir dövrün xüsusiyyətlərini daşımır. Animasiya filmində bəhs olunan hekayə və toxunulan mövzu köhnəlmir”.
Bu il şirkətin bir əsrlik yubileyi münasibətilə dünyanın dörd bir yanında şənliklər, sərgilər keçirilir.
Şirkətin arxiv rəhbəri Beki Klayn deyir:
“Biz Walt Disney arxivində Disney tarixinin qoruyucularıyıq. Bu il üçün xüsusi olaraq, yüzüncü eksponat yaratmağımız tapşırıldı. Sərgidə görüləsi olduqca çox şey var. Burada olduğumuz müddətdə kolleksiyamızın nümunələrinin hekayələrinə köklənəcəksiniz”.
Walt Disney-in əsasını qoyduğu şirkət illər keçdikcə milyardlarla dollar qazanan nəhəng film və əyləncə sənayesinə çevrilib. Amerika Birləşmiş Ştatları, Fransa və Yaponiya kimi ölkələrdə kino və səsyazma studiyaları, əyləncə parkları və turist gəmilərinə aid şirkətin təkcə Disneyland layihəsindən illik gəliri 25 milyard dollarla hesablanır.
Walt Disney şirkətinin hansı film və animasiya filmləri istehsal etdiyi barədə bir siyahı tutsaq əgər, bu məqalə çox uzun olacaq. Walt Disney-in sonrakı illərinə baxsaq görərik ki, onun özəl televiziya kanalı və film platforma saytı yarandı. Walt Disney müxtəlif film şirkətləri ilə lisenziya və razılaşma ilə aldığı böyük film və animasiya filmləri istehsal edən şirkətləri öz tərkibinə qataraq vahid studiya kimi fəaliyyət göstərir.
Azərbaycan animasiya film sənayesinin əvvəlki illərində çoxlu sayda animasiya filmləri hazırlanmağa başlansa da sonrakı illəri bir az çöküşlü oldu amma hazırda yenidən ayağa qalxmağa başlayır. Azərbaycan animasiya filminin inkişafı üçün yaradılan studiyalar, birliklər, tədbirlər, festivallar, sərgilər, kitablar, kataloqlar, seminarlar, vorkşoplar, kurslar, tədrislər və animasiya filmlərinin olması, Azərbaycan animasiya filminin inkişafında xüsusi rol oynayır və yenidən ayağa qalxmağımıza təkan verir.
Vaxt gələcək bizdə də animasiya personajlarımızdan ibarət eksponatlı parklarımız olacaq, yerli telekanallarımızda yalnız yeni tam və ya qısametrajlı animasiya filmlərimiz yayımlanacaq. Amma o vaxta qədər animasiyamızın inkişafı üçün Disney-in getdiyi uğurlu yolu öyrənməliyik. Ölkədə belə animasiya tədbirlərinin keçirilməsi və iştirakımız, xalqımızın Disney kimi animasiya şirkətlərinə tələbatımızın olduğunu göstərir və bir gün istəyimizə nail olacağıq.