Rafiz İsmayılov bu il 85 yaşını qeyd edir. Gözəl sənət nümunələri yaratmaqdan yorulmayan, zəngin həyat fəlsəfəsini, fikir və duyğularını əsərlərinə yansıdan Rafiz İsmayılova təbriklərimizi çatdırır, möhkəm cansağlığı və uğurlar arzulayırıq.
Bu gün Rafiz Rza oğlu İsmayılovun 85 illik yubileyidir. Rafiz İsmayılov, 1939-cu il martın 30-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. O, Azərbaycanın kino və animasiya filmi sənətində mühüm rola malikdir.
Rafiz İsmayılov, 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskvanın Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirmişdir. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib, 30-dək bədii (“Qatır Məmməd”, “Sevinc buxtası”, “Qara gölün cəngavərləri”, “Dantenin yubileyi” və s.) və animasiya filminin (“Xeyir və şər”, Göyçək Fatma”, “Oda”, “Lağım”, “Torpaq”) quruluşçu rəssamı olub. Rafiz İsmayılov, “Oda” (1990) və “Torpaq” (2002) adlı animasiya filminin rejissoru olub. Daha ətraflı desək:
Danışan işıqlar (1965): Rafiz İsmayılov bu filmdə ideya müəllifi və animator kimi iştirak edib. Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. Animasiya filminin rejissor və ssenari müəllifi Rasim İsmayılovdur.
Qırmızılar, qaralar və başqaları (1969): Bu animasiya filmi Rafiz İsmayılovun ideya müəllifliyi ilə yaradılıb. Film, Çarli Çaplinin filmlərindən ilhamlanaraq yaradılıb. Bu animasiya filmi alleqoriyadır. Kosmosun ənginliklərində kiçik kürə fırlanır. Qırmızı kürə. Bu, planetdir. Yer planeti. İnsanların yaşadığı planet. Müəlliflər işıq və səs vasitəsilə tamaşaçıları əbədi mövzuya-cəmiyyətdə, ölkədə və dünyada xeyirlə şərin mübarizəsinə yeni şəkildə baxmağa sövq edirlər. Burada biz Leninin, Stalinin, Hitlerin səslərini eşidir, müxtəlif marşları dinləyirik. Animasiya filminin rejissor və ssenari müəllifi Rasim İsmayılovdur.
Xeyir və şər (1980): Bu animasiya filmində Rafiz İsmayılov Quruluşçu rəssam kimi iştirak edib və personaj dizaynını hazırlamışdı. Film Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından bir nağılın motivləri əsasında çəkilmişdir. Animasiya filmi böyüklər üçün nəzərdə tutulmuşdur. Animasiya filminin mövzusu susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılması haqqındadır. Animasiya filminin ssenari müəllifi Ədhəm Qulubəyov, rejissoru isə Nazim Məmmədovdur.
Göyçək Fatma (1988): Bu animasiya filmində Rafiz İsmayılov Quruluşçu rəssam kimi iştirak edib. Animasiya filmi Azərbaycan kinosunda ən uzunmetrajlı animasiya filmidir. Bu animasiya filmi-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur. Animasiya filmi Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Animasiya filmi Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir. Animasiya filminin rejissoru Nazim Məmmədov, ssenari müəllifi isə Mirvarid Dilbazi idi.
Oda (1990): Bu animasiya filmində Rafiz İsmayılov (Vahid Talıbov ilə birlikdə) rejissor, ssenari müəllifi və quruluşçu rəssam kimi iştirak edib. Animasiya filmi, dahi bəstəkar Bethovenin 9-cu simfoniyasında “Sevinc üçün oda” əsərindən ilhamlanaraq çəkilmiş, həmçinin animasiya filmində də bu əsər səslənmişdir. Animasiya filmi həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdən bəhs edir. Hal-hazırda həmin animasiya filmi itirilib.
Lağım (1993): Bu animasiya filmində Rafiz İsmayılov rəssam kimi iştirak edib. Animasiya filmi mətnsizdir. Dustaqlar lağım atıb həbsxanadan qaçandan sonra dustaqların nəzarətçiyə, nəzarətçilərin isə dustağa çevrilməsindən bəhs edən animasiya filmidir. Animasiya filminin rejissoru Vahid Talıbov, ssenari müəllifi isə Aydın Dadaşovdur.
Torpaq (2002): Bu animasiya filmində Rafiz İsmayılov rejissor və rəssam kimi iştirak edib. Film, qədim Türk xanı Mete xaqanın hekayəsini əsas götürüb. Film, qurama texnikası ilə çəkilib (animator Arifə Hətami edib) – iki qat şüşədə çəkilib. Film, Yallı rəqsi ilə xüsusi olaraq seçilib. Animasiya filmində deyilir ki, Vətənin hər bir daşı millət üçün qiymətlidir, əzizdir. Animasiya filminin ssenarisi qədim türk əfsanəsinin motivləri əsasında yazılmışdır. Animasiya filminin senari müəllifi Aydın Dadaşovdur. Hal-hazırda həmin animasiya filmi itirilib.
Rafiz İsmayılov həmçinin Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat verib.
Rafiz İsmayılovun yaradıcılığı yüksək qiymətləndirilmiş, o, Azərbaycanın xalq rəssamı fəxri adına, 2015-ci ildə “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür. Məşhur rəssam eyni zamanda dövlət mükafatı və rəssamlıq üzrə olan “Sultan Məhəmməd” mükafatı laureatıdır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Rafiz İsmayılovun əsərləri Rüstəm Mustafayev adına Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında, eləcə də, yerli və xarici şəxsi kolleksiyalarda qorunaraq saxlanılır.
Rafiz İsmayılov, kinonun ərsəyə gəlməsində mühüm rolu olan sənət adamlarından biri olan kino rəssamlarıdır. Ekran əsərlərində obrazlılığı, emosionallığı göstərmək, mövzunun xarakterlərlə olan vəhdətini yaratmaq, kompozisiya qurmaq bilavasitə kino rəssamının üzərinə düşür. Kadrlara kolorit gətirmək, işıq-kölgə effektini vermək çəkiliş vasitələrini konkretləşdirilir, rejissorlara istiqamət verir. Ümumiyyətlə, filmin ilkin komponentləri rəssamın təfəkkürünün məhsuludur.
Mənbə:
Xalq rəssamı Rafiz İsmayılov – Anl.az
Rafiz İsmayılov-Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan rəssam… – Azgallery.az
Xalq rəssamı Rafiz İsmayılovun 80 illiyi qeyd olunacaq – Azertag.az
Xalq rəssamı Rafiz İsmayılovun yubileyinə həsr olunmuş tədbir – Medeniyyet.az
Qırmızılar, qaralar və başqaları (film, 1969) – Vikipediya
Xeyir və Şər (film, 1980) – Vikipediya