Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində Aytac Əliyevanın “Pixar in a Box: Azərbaycan məktəblərində animasiya kursunun tətbiqi” adlı layihəsi qalib gəlib. Khan Academy Azərbaycancanın həmçinin Azərbaycan Animasiya Assosiasiyasının üzvləri, film və animasiya rejissoru və ssenarist Ruslan İbrahimli, həmçinin səsləndirmə üzrə mütəxəssis Lamiyyə Qasımova bu layihə çərçivəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan Ağstafa rayonu Köçvəlili kəndi R.Alıcanov adına tam orta məktəbində animasiya dərsləri keçəcəklər. Artıq yeni tədris ilindən etibarən bu dərslər Ruslan İbrahimli və Lamiyyə Qasımova bu dərslərdə “Khan Academy Azərbaycan”ı təmsil edəcəklər.
Bu layihə Azərbaycanın təhsil sistemində innovativ yanaşmaları təşviq etmək və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.
Bu təşəbbüs “Pixar Animation Studios” ilə “Khan Academy” arasındakı əməkdaşlıq çərçivəsində yaradılan və “Disney” studiyası tərəfindən maliyyələşdirilən “Pixar in a Box” proqramının bir hissəsidir. Bu proqramda şagirdlər Pixar ustaları tərəfindən yaradıcılıq işlərinin necə ərsəyə gəldiyini, sənətin həm görünən, həm də görünməyən tərəflərini incəliklərinə qədər araşdırmaq və öyrənmək imkanı qazanacaqlar. Onlar sıçrayan topun animasiyasının canlandırılması, robotlar dəstəsinin yaradılması, virtual atəşfəşanlığın həyata keçirilməsi və daha çox maraqlı mövzularla tanış olacaqlar. Bu dərslər məktəbdə, universitetdə və digər təhsil müəssisələrində öyrədilən riyaziyyat, informatika, sosial elmlər və tarix kimi fənlərin mənimsənilməsində onlara yardımçı olacaq filmlərin yaradılmasının əhəmiyyətini göstərir. Proqram isə bu materialların əyani vəsait kimi tədris prosesində istifadəsinin zərurətini vurğulamağı hədəfləyir.