2-6 oktyabr tarixlərində Bakıda, “Azərbaycan” kinoteatrında keçirilən 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı uğurla öz işinə yekun vurub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “YARADICI”-nın (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi) təşkilati dəstəyi, “Ağıllı Nağıllar” reklam agentliyinin sponsorluğu, Azərbaycan Animasiya Assosiasiyasının və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə keçirilən festival Baku Cinema Breeze (BCB) Festivalı çərçivəsində reallaşıb.
Əsas mövzusu “SEVGİ” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas proqramdan – Müsabiqə, Müsabiqədənkənar və Peşəkarlar üçün proqramlardan ibarət idi. Festivalın proqramı nəfis şəkildə tərtib olinmuş kataloqda öz əksini tapıb.
Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “SEVGİ” mükafatı ilə təltif olunublar.
Bağlanış mərasimi zamanı həmçinin 7-ci ANİMAFİLM Festivalının, “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.
Festivalın qalibləri:
Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub. Bundan əlavə, müasir klassikaya çevrilən “Şrek”, “Misilsiz cənab Foks”, “Paprika”, “İtlərə və italyanlara giriş qadağandır”, “Linda toyuq istəyir!” tammetrajlı filmləri nümayiş olunub. Tamaşaçıların böyük sevgisi ilə keçən hər nümayiş, onlarla canlı ünsiyyət quran, suallarını məmnuniyyətlə cavablandıraraq yeni izləyicisi ilə tanış olan müəllifləri yeni yaradıcılıq axtarışlarına kökləyib.
Peşəkarlar üçün proqram zamanı məşhur özbək rejissoru Dante Rustavın, “Lakeside Animation” kreativ direktoru, “Netflix”, “Apple TV”-nin kanadalı animatoru Matthew Lyonun, rəngarəng üslubu ilə seçilən peşəkar illüstrasiyaçı Leyla Əlinin, İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan Novruzun ustad dərsləri müxtəlif yaş qruplarından olan izləyicilərin qəlbində animasiya sənətinə sevgi qığılcımını alovlandırıb. Ustad dərslərinin yekunlarında təqdim olunan animasiyaların rəngarəngliyi Ustad-şagird tandeminin uğurunun və iştirakçıların sənətə marağının təcəssümüdür. Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib. “ANİMAFİLM School: Birgə istehsal” və “ANİMAFİLM School: Making of” tədbirlərində baş tutan məhsuldar və işgüzar görüşlər peşəkarların gələcək fəaliyyətlərinə böyük töhfələr verəcəyinə əminlik hissi yaradıb.
Qeyd edək ki, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Film Festivalı çərçivəsində baş tutub. BCB Festivalı həmçinin kino sənayesindəki imkanlarını nümayiş etdirən, Heydər Əliyev Mərkəzində keçirilən Omarket (Şərq ölkələrinin kino bazarı) təşkil edib və Azərbaycan Animasiya Assosiasiyası burda öz stendi vasitəsilə üzvlərinin audiovizual məhsullarını nümayiş etdirib.
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tərəfdaşları: Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “CITIA”, “Fétiche”, “Dynamic Box”, “KYNO”, “The Manat”, “Tripsome”, proqram tərəfdaşları: TURKSOY, Türk Animasiya Assosiasiyası (ATA), MIFASI, Animation Development Fund (ADF), ANIMAFILM Studio, FilmFreeway, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Lakeside Animation Studio, Sakura Ceramic, Maurfilm, Filmes do Gajo, CINANIMA International Animated Film Festival of Espinho, Sardinha Em Lata, Ciclope, Portuguese Short Film Agency, BAP Animation Studio, Cola Animation, ANIMASYROS International Animation Festival, YUVA, media tərəfdaşları isə “Skwigly”, “KYNO”, “CityLife”, “Huzoor” platformaları idi.
Böyük sevgi, diqqət və qayğı ilə ərsəyə gələn, yeni ümidlər, planlar və baxışlarla tarixə qovuşan 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sevgini ön plana çıxararaq izləyicilər arasında empatiya, anlayış və birlik hissini gücləndirmək hədəfinə nəinki nail olub, hətta qəlblərdə yanan həyatın bütün sahələrinə təsir göstərən sevgi çırağını alovlandırıb.