7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda, “Azərbaycan” kinoteatrında keçiriləcək. Biletləri Tripsome platformasından əldə edin!
Festival Azərbaycan Animasiya Assosiasiyasının və “PERİ FİLM” MMC-nın təşkilatçılığı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilati dəstəyi ilə Baku Cinema Breeze (BCB) festivalı çərçivəsində baş tutacaq.
Bu il 7-ci ANİMAFİLM Festivalının əsas mövzusu “SEVGİ”dir. Animasiya duyğuları vizual ifadə etməyə imkan verdiyindən sevgi məfhumunu əhatəli çatdırmaq üçün mükəmməl bir vasitədir. Bizim niyyətimiz elə sevgini ön plana çıxararaq izləyicilərimiz arasında empatiya, anlayış və birlik hissini gücləndirməkdir.
Münsiflər heyətinin üzvləri və xüsusi qonaqlar həmçinin bir sıra tədbirlərdə də iştirakçıların qarşısına çıxacaqlar.
Beynəlxalq münsiflər heyəti
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı artıq 7-ci buraxılışı ilə animasiya dünyasından müxtəlif mütəxəssisləri bir araya gətirir. Bu ilin münsiflər heyəti animasiya sahəsində böyük təcrübəyə malik olan beynəlxalq mütəxəssislərdən ibarətdir. Onlar festivalda təqdim edilən filmləri qiymətləndirərək mükafat üçün layiq gördükləri ən yaxşı işləri seçəcəklər. Gəlin bu ilki münsiflər heyətinin üzvləri ilə tanış olaq.
Aaron Wood (Böyük Britaniya krallığı)
Aaron 2008-ci ildə yaradılmış London animasiya şirkəti “Slurpy Studios”un həmtəsisçisi və prodüseri, 2012-ci ildən bəri isə “Skwigly Animation Magazine”in yazarı və ortağıdır. Bundan əlavə, 2009-cu ildə yaradılmış və dünya animasiya filmləri festivallarını siyahıya almaqla məşğul olan yeganə vebsayt – “animation-festivals.com”un idarəedicisidir.
Aneta Ozorek (Niderland və Polşa)
Aneta Ozorek Niderlandda keçirilən cəsur və innovativ Kaboom Animation Festivalının bədii direktorudur. O, Avropa bazarında film kuratoru və təşkilatçısı olaraq geniş təcrübəyə malikdir və film tədbirləri, təhsil seminarları, sərgilər və festivallar təşkil edir. Aneta “CEE Animation Pitching Forum”un Qısa filmlər bölməsinin rəhbəridir, “REX Animation Festival”ın və “Animela”nın İdarə Heyətinin üzvüdür, həmçinin “Fachhochschule Salzburg” Universitetində dərs deyir.
Dante Rustav (Özbəkistan)
Dante Rustav 1988-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. 2020-ci ildə “İşğal” adlı ilk qısametrajlı filmini çəkib və bu film Nancy IFF və Split IFF festivallarında mükafatlar qazanıb, Tirana IFF və Tokiodakı “ShortShorts” kimi festivallarda nümayiş etdirilib. 2016-cı ildən o, müstəqil özbək filmlərini təbliğ edir və bu filmlər 300 beynəlxalq festivalda iştirak edib. 2022-ci ildə Dante Özbəkistanın müstəqilliyindən sonra ilk dəfə keçirilən Beynəlxalq Animasiya Festivalının (TIAF) əsasını qoyub və hazırda festivalın proqram direktoru vəzifəsində çalışır.
Leyla Əli (Niderland və Azərbaycan)
Leyla Əli Amsterdamda yaşayan və 15 ildən çox təcrübəyə malik sərbəst illüstratordur. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Utrecht İncəsənət Məktəbində təhsil alıb, bu müddət ərzində müxtəlif sahələrdə çoxsaylı illüstrasiya layihələri üzərində çalışıb. Son üç ildə Leyla Kaboom Animasiya Festivalı ilə əməkdaşlıq edərək rəngarəng, müxtəlif personajlar silsiləsi yaradıb. Bu personajlar hər il festivalın kimliyinə yeni tərz qataraq həm festival məkanlarında, həm də onlayn platformalarda yer alır.
Martin Vandas (Çex Respublikası)
Animasiya prodüseri kimi 8 animasiya filminə, onlarla qısa animasiya filmi ilə (həm uşaqlar, həm də böyüklər üçün) iş təcrübəsinə malikdir, həmçinin bir sıra sənədli filmlərə, televiziya seriallarına da imza atıb. “Maurfilm”in filmləri arasında “Oskar” nominasiyası da daxil olmaqla, yüzlərlə festival mükafatı qazanmış filmlər var. O, ekspert kimi film fondları ilə əməkdaşlıq edir, film məktəbi tələbələrinə prodüserlik və ya təqdimat haqqında dərs keçir və CEE Animation kimi təşkilatlarla birgə mentorluq edir. Animasiya ilə yanaşı, üç qızını (həyat yoldaşı da daxil olmaqla), kitabları, film posterləri toplamağı və uzun məsafələrə qaçmağı sevir. Bu da həmişə bütün animasiya filmləri üçün yaxşı bir metafora kimi görünür…
Matthew Lyon (Kanada)
Matt 25 illik təcrübəyə malikdir, animasiya sənayesində veteran olaraq dizayner/animator, yazar/ rejissor kimi müxtəlif rollarda çalışıb. 2019-cu ildə “Arctic Dogs” adlı animasiya filmini yaradıb və inkişaf etdirib. O vaxtdan bəri “Lakeside Animation Studios”un Baş kreativ direktoru olaraq beynəlxalq auditoriyalar üçün orijinal məzmun hazırlamaq üzərində çalışır. 18 ildir ki, Torontoda yerləşən “Centennial College”nin Rəqəmsal Animasiya proqramında obraz dizaynı, animasiya və hekayə üzrə dərsləri tədris edir.
Susana M. António (Portuqaliya)
Susana M. António ideya və ssenari müəllifi olduğu, Filipa G.Costa ilə birlikdə rejissorluq etdiyi “Ərimə” adlı ilk animasiya filmini 2022-ci ildə ərsəyə gətirib. Hazırda rejissor və ssenarist kimi fəaliyyətini davam etdirməklə yanaşı, “Cola Animation” Beynəlxalq animasiya film kooperativində prodüser kimi çalışır. 2024-cü ildən bəri Algarve Universitetində Animasiya üzrə magistr proqramında Layihə Tətbiqləri və İstehsal fənlərini tədris edir.
Vassilis C. Karamitsanis (Yunanıstan)
1976-cı ildə Afina şəhərində anadan olan Vassilis C. Karamitsanis 2008-ci ildən ANIMASYROS Beynəlxalq Animasiya Festivalının prezidentidir, 2015-2023-cü illər ərzində isə ASIFA HELLAS – Yunanıstan Animasiya Assosiasiyasının prezidenti olub. 2018-ci ildə ona Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavəri titulu verilib, 2018-2019-cu illərdə Yunanıstan Milli Operasının idarə heyətinə rəhbərlik edib. 2022-ci ildən etibarən CIFEJ – Uşaq və Gənclər üçün Filmlər üzrə Beynəlxalq Mərkəzin prezidentidir
Xüsusi qonaqlar
Münsiflər heyətinin dəyərli üzvlərindən əlavə, bu il festivalımızda iştirak edəcək xüsusi qonaqlarımızı da sizə təqdim edirik.
Elçin Hami Axundov (Azərbaycan)
Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (1968) və Lvov Poliqrafiya İnstitutunu (1978) bitirmiş rəssam-rejissor Elçin Axundov Azərbaycan animasiyasının yaranmasına və inkişafına mühüm töhfələr verib. 1966-cı ildən quruluşçu rəssam, animator, rejissor kimi kino sahəsində çalışır. E. Axundov 10-a qədər animasiya filminin rejissoru və 30-a qədər animasiya filminin quruluşçu-rəssamıdır. 1994-cü ildən “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-ci ildən 2012-ci ilədək isə həmin studiyanın direktoru vəzifələrində çalışıb. 2016-ci ildə o, “Qurama” Uşaq Animasiya Studiyasını yaradıb və bu günə kimi onun rəhbəridir. E. Axundovun bir neçə nəsil müasir Azərbaycan rejissorlarının və animatorlarının formalaşmasında zəhməti var. Bundan əlavə, Elçin Axundov uşaqlar üçün onlarla inkişafetdirici kitabların – “Özün düzəlt” silsiləsinin (“Arşın mal alan”, “O olmasın, bu olsun”), “Sənin ilk kitabın” silsiləsinin (“Addım-addım öyrən və zəhmət çək”, “Ekoloji əlifba”) və s. kitabların müəllifidir. O, “Azərbaycan animasiyası” kitabının baş məsləhətçisidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000- ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (2019) Elçin Hami Axundov “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıq qayıq” mükafatı ilə təltif olunub. 2022-ci ildə Daşkənd Beynəlxalq Animasiya Forumunda “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını alıb. Elçin Hami Axundov Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisidir
Məsud Pənahi (Azərbaycan, Almaniya)
Məsud Pənahi Azərbaycanın kult animasiya filmi olan “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və Siçan bəy”) filminin rejissorudur. 1973-cü ildən 1979-cu ilə kimi “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır” animasiya filminə görə əsas mükafata layiq görülüb. 1979-cu ildən Almaniyada yaşayır. Orada 60-a yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir. 2018- ci ildə Məsud Pənahi 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür. 2023-cü ildə isə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən M.Pənahiyə “80 illik yubileyi və Almaniyadakı azərbaycanlı icmasına göstərdiyi davamlı səylərə görə xüsusi tanınma və minnətdarlıq işarəsi” diplomu təqdim edilib. 2023-cü ildə həmçinin Azərbaycan Dövlət Film Fondunda M. Pənahinin 80 illik yubileyi qeyd olunub. Hazırda M.Pənahi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Narqız” adlı yeni animasiya filmi üzərində çalışır. “Narqız” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.
Oktai Iusibov (Azərbaycan, Finlandiya)
Oktay Yusibov Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin-media” (Finlandiya) şirkətinin rəhbəri və həmtəsisçisi, həmçinin, animasiya istehsalının bütün aspektləri üzrə 18 illik təcrübəyə malik “Alove Animation Studio” (Azərbaycan) şirkətinin həmtəsisçisidir. O, “Qoyunların oteli”, “Qırmızı Dəmir Yolu”, “Taksi sürücüləri Lex və Plu”, “Pişik balaları”, “Tostvilli Sonya” və s. mükafatlara layiq görülmüş televiziya şoularında və animasiya filmlərində çalışıb.
Ayan Novruz (Azərbaycan, Böyük Britaniya krallığı)
1998-ci ildə Sankt-Peterburq şəhərində anadan olub, Bakı şəhərində böyüyüb və ilkin bakalavr təhsilini 2017-ci ildə Xəzər Universitetində dizayn üzrə başlayıb. 2020-ci ildən İngiltərənin “University of The Arts London” nəzdində olan “London College of Communication” Universitetində animasiya üzrə bakalavr təhsilini davam edir. 2023-cü ildə “Empty Spaces” (Boş Yerlər) adlı ilk qısametrajlı animasiya filmini çəkib. Bu film 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında 2 mükafata layiq görülüb (“Tamaşaçı seçimi” mükafatı və ““Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” mükafatı). “Empty Spaces” (Boş Yerlər) filmi, həmçinin, Thomas Edison Film Festivalının “Rejissor seçimi” mükafatını qazanıb və BFI Future Film Festivalında rəsmi olaraq iştirak edib.
Nərgiz Mahmudova (Azərbaycan, Böyük Britaniya krallığı)
Nərgiz Mahmudova həm bakalavr, həm də magistr təhsilini İsveçrədə tamamlayıb. Təhsilini bitirdikdən sonra neft və qaz sənayesində karyerasına başlayıb. Lakin bir neçə il işlədikdən sonra, yaradıcılığa daha dərin həvəs göstərdiyini kəşf edərək özünüifadənin yeni yollarını araşdırmağa qərar verib. Hazırda o, illüstrasiya və hekayə anlatımı üzrə təhsil almaq üçün müraciətlər edir.
Çingiz Asanaliev (Qırğızıstan)
Çingiz Asanaliev rəssam və animator olmaqla yanaşı, ToonDook studiyasının ideya müəllifidir. O, Qırğızıstanda animasiyanın inkişafında əhəmiyyətli rol oynayıb. Parisdə Gobelins yay məktəbində təhsil alıb. Çingiz İrina Kayratovna, Kaspersky, Beeline və digər tanınmış brendlərlə əməkdaşlıq edib. Studiyanın bir layihəsi çərçivəsində “İstilik Studiyası” adlı qısa animasiya filmi yaradıb və həmçinin 7-ci ANİMAFİLM Festivalının treyleri üzərində çalışıb.
Zurab Diasamidze (Gürcüstan)
Zurab Diasamidze Gürcüstandan olan tanınmış animasiya film prodüseri, rejissor və ssenaristdir. O, Animasiyanın İnkişafı Fondu, “MIFASI” Animasiya Studiyası, “TOFUZI” Beynəlxalq Animasiya Filmləri Festivalı və “Qızıl Üzüm” Telavi Beynəlxalq Qısametrajlı Film Festivalının təsisçisi və direktorudur. Aktyorluq və film istehsalı sahəsində təcrübəyə malik olan Zurab həmçinin Gürcüstanın müxtəlif bölgələrində animasiya məktəbləri təsis edərək animasiya təhsilinə böyük töhfələr verib. “Qızıl Üzüm” Telavi Beynəlxalq Qısametrajlı Film Festivalının təsisçisi və direktorudur. Aktyorluq və film istehsalı sahəsində təcrübəyə malik olan Zurab həmçinin Gürcüstanın müxtəlif bölgələrində animasiya məktəbləri təsis edərək animasiya təhsilinə böyük töhfələr verib.