Yazının müəllifi: Gülşən Hüseynova, Azərbaycan Animasiya Assosiasiyasının üzvü
Yanvarın 17-də Nizami Kino Mərkəzində görkəmli animasiya rejissoru Məsud Pənahinin “Narqız” qısametrajlı animasiya filmi tamaşaçılara təqdim olunub. Dövlət dəstəyi ilə çəkilən filmin özəlliyi ölkəmizdə son 35 ildə baş verən hadisələri milli mənəvi dəyərlərə söykənərək tamaşaçılara təqdim etməsi, animasiya tariximizdə mina təhlükəsi mövzusuna həsr olunan ilk ekran əsəri olmasıdır.
“Narqız” 2023-cü ildən yola çıxaraq tamaşaçısının görüşünə tələsib. Bilmirəm bu təsadüfdür, ya zərurət? “Narqız” qısametrajlı animasiya filminin premyerası məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan etdiyi dövrdə baş tutub. Azərbaycan xalqının milli dəyərlərə hörmətini, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suverenliyinin keşiyində ayıq-sayıq dayanmasını və Qarabağda quruculuq işlərinin necə vüsət aldığını 9 dəqiqəyə sığdıraraq izləyicilərə nümayiş etdirdi… Bu isə milli kinomuzun uzaqgörənliyinin və azərbaycançılıq ruhunun təlqin olunması istiqamətində apardığı fəaliyyətin bir təzahürü oldu.
Animasiyanın adını görənlər soruşurlar: “Nə üçün “Narqız”? Filmə baxandan sonra isə bu suala hərənin öz cavabı olur. Əlbəttə, əsas cavabı filmin müəllifi, hörmətli Məsud müəllim bilir.
Mənim fikrim isə belədir. Azərbaycan dekorativ-tətbiqi sənətində nar ağacı “Həyat ağacları”ndan biridir, ailənin, onun bütövlüyünün rəmzidir. Xeyir, bərəkət simvoludur. Filmdə nar ağacı özü də bir obrazdır. Danışmasa da, dəyişən görünüşü bir çox mətləbləri izah edir.
Su ən böyük informasiya ötürücüsüdür. Nənələrimiz “yuxunu suya danış” deyərdilər. Su çərşənbəsində, Novruz bayramında arzular axar suya söylənər, bulaqdan su götürüb evə gətirərlər. Elə bu aya təsadüf edən Xıdır Nəbi bayramı da su ünsürü ilə sıx bağlıdır, milli adətlərimiz içərisində ekoloji mahiyyəti ilə seçilən mərasimdir. Elifin atası əllərini yuyub qurudandan sonra, suyun üzündə nar rəngində çevrələrin əmələ gəlməsi, sıxlaşması və müxtəlif şəkil almasından vahimələnərək təhlükəni sanki görməyə başlayır. Qızını çağırır. Elifi mənfur düşmən tərəfindən qəfil hücum nəticəsində yandırılan kəndin, partlayan mərmilərin arasından xilas edir. Maşına oturaraq kənddən sürətlə uzaqlaşan ailə və müharibə uşaqlarının obrazına çevrilmiş Elifin gözündəki dəhşəti unutmaq mümkün deyil.
Ürək ağrıdan viran qalmış kənd səhnələri, vəhşi itlərin ulartısı… İnsanlıq hissindən məhrum olanların törətdiyi vəhşiliklər…
“Nağıl dili yüyrək olar” deyiblər. Buludlar seyrəldikcə Azərbaycanın xəritəsi görünür. Xəzərin qırçınlı ləpələri Şahdili ərazisində sahilə can atır. Onu oyatmağa çalışır. Torpaq bu toxunuşdan lərzəyə gəlir. Qartal dik və qürurla səmaya yüksəlir. Bu, ən çox sevdiyim kadrlardan biridir. Bir anlıq ətrafa baxır, qanadlarını silkələyərək, tozu-qumu kənarlaşdırır və Vətən səmasında uçmağa başlayır. Qarabağa çatıb, viran qalmış kəndləri görən qartal Aylinin yaşadığı kəndin yaxınlığında, dağların arasında şaquli istiqamətdə bir neçə dövrə vuraraq burulğan yaradır. 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşündə olduğu kimi, bütün his-pası, düşmənin tör-töküntülərini havaya sovuraraq ətrafı laləzara döndərir.
Gözümüzün qarşısında külək enerjisindən istifadə edilən, günəş panelləri ilə örtülmüş tavanları olan səliqəli evlər, “ağıllı” kənd canlanır. Artıq böyümüş Elif valideynləri və ailəsi ilə birlikdə doğma evin qarşısında dayanıb. Narqız qaçaraq anasına yaxınlaşır və çərpələngi uçurmaq üçün ondan icazə alır. Elif ona baxarkən bir anlıq 30 il əvvəlki özünü xatırlayır, icazə verir, ancaq uzağa getməməyi tapşırır. Narqız qaçır. Elif isə o müdhiş günün təəssüratı altında qalır. Tələsik valideynlərinə tərəf boylanır. Atası həyətdəki kranın hələ də qaldığına sevinir, dəstəyi burduqda, krandan düşən bir damla su mavi rəngli kəpənəklərə dönərək azad səmaya üz tuturlar. Nar ağacına sevgisini evindən-eşiyindən uzaqda dünyaya gəlmiş nəvəsini Narqız adlandırmaqla yaşadan Aylin isə sevimli nar ağacına tərəf irəliləyir. Qurumuş, yanmış ağacın gövdəsinə titrək əli ilə sığal çəkir, onu qucaqlayır. Ağac sanki doğma insanı bütün varlığı ilə hiss edir, nar ağacı dirçəlir, qurumuş gövdənin başında yarpaq əmələ gəlir. Doğma torpaq öz sakinlərinin qayıdışına sevinir. Həyat davam edir! Təbiət isə onlardan öz sevgisini əsirgəmir.
Azərbaycan əsgəri hər zaman keşikdə ayıq-sayıq dayanıb. Dəcəl Narqızın mina təhlükəsi işarəsinin fərqinə varmadan qaçaraq təhlükəli əraziyə keçməsini görür və ardınca gedir. Narqız isə bu zaman əlindən çıxmış çərpələngi axtarır. Qorxsa da, qərarlıdır. Ən təhlükəli anda əsgər onu ölümün pəncəsindən ehmalca xilas edib havaya atır. Narqız əvvəl qorxsa da, bunu əyləncə kimi qəbul edir. Onlar mina təhlükəsi olan ərazidən uzaqlaşırlar. Səmada həyəcanla süzən qartal elə bil onların uzaqlaşmasını gözləyir, yerə enərək caynaqları ilə daş parçasını tutub, havaya qalxır, daşı minanın üstünə atıb onu partladır.
Film bahar nəfəsli bir səhərin, dağ lalələrinin, çobanyastığı çiçəklərinin çəmənliyə xalı sərdiyi, təbiətin sülh içində gözəlliyi ilə insanı valeh etdiyi bir mənzərə ilə başa çatır. Bu bizim gerçəkləşən arzumuzdur.
Böyüyə hörmət, kiçiyə diqqət, təbiətə qayğı, insanlara, təbiətə məhəbbəti aşılayan “Narqız” isə tamaşaçıya bu dəyərləri qorumağı, mina təhlükəsizliyi üzrə qaydalara əməl etməyi, bununla da gələcəyimiz olan uşaqlarımızı, vətəndaşlarımızı qorumağı tövsiyə edir.