2025-ci il, aprelin 13-də Azərbaycan Animasiya Assosiasiyasının yaranmasının 3 illiyi və Animasiya evinin açılışı keçirilib.
Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Animasiya Assosiasiyasının üzvləri iştirak ediblər.
Açılış zamanı qonaqlara Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat veriliib, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tarixçəsi, festival çərçivəsində görülən işlər və regionlarda festivalın əks-sədası kimi təşkil olunan festivallarda tamaşaçıların fikirləri təqdim olunub. Tədbirin fəxri qonağı olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva Assosiasiyanın üzvləri ilə səmimi görüşüb, Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyətinə dair çoxsaylı suallar verib və bu suallar Assosiasiyanın sədri, prodüser, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev, Assosiasiyanın həmtəsisçilərindən biri, animasiya rejissoru, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və Assosiasiyanın həmtəsisçilərindən biri, rejissor, rəssam Nəzrin Ağamalıyeva tərəfindən ətraflı cavablandırılıb. Rəşid Ağamalyev Leyla Əliyevaya “Azərbaycan animasiyası” kitabını hədiyyə edib.
Mədəniyyət Nazirliyinin nümayəndələri Azərbaycan animasiyasının inkişafına böyük töhfələr verən, gənclərin animasiya kinosuna marağının artırılmasında fəal iş nümayiş etdirən Assosiasiya üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir Assosiasiya üzvlərinin çıxışları, əyləncəli proqramla davam edib.
Animasiya Evi Azərbaycan Animasiya Assosiasiyası tərəfindən yaradılan, milli animasiyanın inkişafı üçün fəaliyyət göstərən yaradıcı məkandır. Animasiya evində müxtəlif animasiya kursları, sərgilər, film nümayişləri, təqdimatlar, ustad dərsləri keçirilir. Animasiya evi həmçinin yeni peşəkar kadrların yetişdirilməsi, animasiya üzrə ixtisaslaşan peşəkarlara və studiyalara məkan və avadanlıq dəstəyinin göstərilməsi üçün yaradılıb.