Azərbaycan Animasiya Assosiasiyasının üzvləri 8-14 iyun 2025-ci il tarixlərində Fransanın Ansi şəhərində keçirilən və dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində iştirak ediblər. Bu barədə Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib: “2018-ci ildən Annecy festivalı ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan animasiyanı bütün dünyaya tanıtdıq, həmçinin ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının yerli müsabiqəsinin qaliblərinə Annecy festivalına səyahət şəraiti yaratdıq. 2023-cü ildə isə “Hədis” animasiya filmi Annecy-də müsabiqədə yarışıb. Annecy festivalı ilə əməkdaşlığın yerli kinematoqrafiya üçün strateji əhəmiyyət kəsb edir”.
Bu il Annecy festivalında Azərbaycan Animasiya Assosiasiyası həmtəsisçi, rejissor Nəzrin Ağamalıyeva və Assosiasiyasının üzvü, ANİMAFİLM Festivalının meneceri Aydan Kazımova iştirak ediblər. Onların səfəri Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstəyi mümkün olub.
Annecy festivalında üçüncü iştirakçı Assosiasiyasının üzvü, animasiya rejissoru Zəhraxanım Quluzadə olub. O, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Çox düşünərkən” filminə görə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanıb və səfəri uğuru sayəsində baş tutub. Bu mükafat ənənəvi olaraq ANİMAFİLM festivalı, Annecy Festivalı, Azərbaydandaki Fransa səfirliyi və Fransa İnstitutunun dəstəyi ilə təltif olunur.
Səfər zamanı Assosiasiyanın üzvləri tanınmış animasiya ulduzları ilə görüşüb, müxtəlif animasiya filmlərinin nümayişlərində və premyeralarında iştirak edib, MİFA marketində animasiya studiya, distributor, film fondları və beynəlxalq festivalların direktorları ilə görüşüb, gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparıblar.