Baxış sayı: 88
2 avqust, 2025-ci ildə təşkil olunacaq Azərbaycan Kinosu Gününə dair Azərbaycan Animasiya Assosiasiyasının bəyanatı
Hörmətli ARKA və Mədəniyyət Nazirliyinin rəhbərliyi!
Diqqətinizə çatdırmaq istəyirik ki, təşkil etdiyiniz Azərbaycan Kinosu Günü tədbirlərinin proqramına heç bir milli animasiya filmi daxil edilməyib.
Qeyd etmək vacibdir ki, Animasiya kinosu sənədli və bədii kino ilə bərabər kinematoqrafiyanın ayrılmaz hissəsidir. Azərbaycanda animasiya filmləri 30-cu illərdən bəri çəkilir, xüsusilə son dövrlərdə isə Azərbaycan animasiya filmləri beynəlxalq festivallarda təmsil olunur, mükafatlar qazanırlar.
Artıq 8 ildir ki, Bakıda və regionlarda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilir. Həmçinin ARKA-nın dəstəyi ilə Qarabağa qayıdış mövzusunu əks etdirən “Narqız” animasiya filmi çəkilib.
Sovet dövründən günümüzə qədər olan dövrdə Azərbaycanda 200-dən çox animasiya filmi çəkilib. Odur ki, Sizdən xahiş edirik ki, bu ilki və növbəti Kino Günlərinin proqramına milli animasiya filmləri də daxil edilsin. Bu işdə Azərbaycan Animasiya Assosiasiyası köməklik göstərməyə hər zaman hazırdır.
Azərbaycan Animasiya Assosiasiyasının idarə heyəti