

19 yanvar 2025-ci ildə Nizami Kino Mərkəzində “Rental Azərbaycan” tərəfindən istehsal olunan, rejissoru Türkan Hüseyn, prodüseri Emil Nəcəfov olan “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli animasiya filminin təqdimat mərasimi keçirilib. Film Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gəlib.
Film animasiya və arxiv materiallarının hibrid yanaşma ilə işlənməsi əsasında hazırlanıb.
Layihənin animasiya hissəni Harmony of Chaos studiyasında ərsəyə gətirilib. Quruluşçu rəssam Lalə Qasımova-İbrahimova. Animatik rəssamı Ağarəhim İbrahimov. Animatorlar Türkan Əliyeva, Fərid Əzimov, Aleksandra Şirinova. Compositing Baboy Mirzəyev, Ülvi Babayev. Storyboard Səbuhi Atabalayev, Sevinc Quliyeva.
Film üzərində bir sıra Azərbaycan Animasiya Assosiasiyanın üzvləri çalışıb.
Təqdimat mərasimi 20 Yanvar faciəsində həyatını itirmiş şəhidlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükutla başlayıb.
Filmin rejissoru Türkan Hüseyn çıxışı zamanı sənədli filmin müasir animasiya elementlərini ehtiva etməklə yanaşı, eyni zamanda xalqımızın faciəsini ölkəmizdən kənarda da təbliğ etməyin vacibliyini vurğulayıb və filminin bu yolda təkan olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, film Krakov Film Festivalının marketində, Beldocs Pitching Forumunda və Balkan Watchers proqramında iştirak edib. Layihəyə Current Time TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən də dəstək göstərilib.
Foto: ARKA, AKİ