

9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb.
13-17 may 2026-cı il tarixlərində Bakıda Azərbaycan Animasiya Assosiasiyası və “ANIMAFILM” MMC-nin təşkilatçılığı ilə 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Animasiya peşəkarları, həvəskarlar və studiyalar festivalın müsabiqə proqramında iştirak etməyə dəvət olunur.
Festivala təqdim olunacaq animasiya filmləri onlayn FilmFreeway platforması vasitəsilə qəbul edilir.
Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:
– Filmlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.
– Filmlər 2025-ci il yanvarın 1-dən sonra çəkilməlidir.
– Filmin 50%-dən çoxu animasiya olmalıdır.
– Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur.
– Müraciətlər üçün son tarix 25 mart 2026-cı ildir.
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında” festivalları keçirilib.
2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.
Təşkilatçılar: Azərbaycan Animasiya Assosiasiyası, “ANİMAFİLM” MMC
Festivalın direktoru: Rəşid Ağamalıyev
Festivalın icraçı direktoru: Sərxan Nəciyev
Əlaqə: animafilm.biaf@gmail.com