

2026-cı il, 7 fevral tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerasında iştirak ediblər. Tədbir Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM Gəncədə” Festivalı çərçivəsində keçirilib.
Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı – “İsi və Piti” serialının iki bölümünün premyerası ilə yanaşı, “Bum-bum” və “Yer və Ay” qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada tərbiyə alan uşaqlar animasiya filmlərini böyük maraq və müsbət əhvali-ruhiyyə ilə izləyiblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, animasiya rejissoru və rəssamı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov və Assosiasiyanın üzvləri iştirak ediblər.
Uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqəti ilə seçilən Leyla xanım Əliyevanın təşəbbüsü ilə baş tutan tədbir həm də Azərbaycan animasiya sənətini azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, Leyla xanım Əliyevanın dəstəyi ilə ərsəyə gələn “İsi və Piti” animasiya serialı ilk dəfə geniş auditoriya qarşısında təqdim olunur. ““İsi və Piti” serialı uşaqlara Vətənimizi tanımaq, sevdirmək, müxtəlif peşələr haqqında onlara məlumat vermək, milli dəyərlərimizi aşılamaq məqsədi daşıyır. İsi valideynləri və balaca dostu Piti ilə birlikdə yay tətilində nənə ilə babasının yanına getmək və yol boyu Azərbaycanı gəzmək qərarına gəlib. Vətənimizin hər bucağı özünəməxsus bir dəyərdir və maddi, qeyri-maddi mədəni irsimizi uşaqlara öyrətməyin ən uyğun yolu isə animasiya nağılının yüyrək dilidir. Biz Leyla xanım Əliyevanın dəstəyi ilə balaca qəhrəmanlarımızla birlikdə bu yola çıxdıq. Qədim Gəncədən olan ilk tamaşaçılarımız – uşaqlar isə nümayiş olunan bölümlər vasitəsi ilə dalğıc və rəssam peşələri haqqında məlumat almaqla yanaşı, Bakı və Şamaxı şəhərlərini tanımaq imkanı qazandılar”.
“Bum-bum” filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb. Film Azərbaycan Animasiya Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə istehsal olunub.
Festivalda uşaqlara həmçinin insan və təbiət, planetimizin kainatda baş verən ekoloji problemlərə təsiri, lokal təsirlərin qlobal effektini təcəssüm etdirməklə, hamını Ana Təbiəti, Vətənimizi, Yer kürəsini və Kainatı qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan “Yer və Ay” qısametrajlı animasiya filmi nümayiş olunub. Film “PERİ FİLM” MMC və “DIP Animation” LLC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “ANİMAFİLM” Studiyasının dəstəyi ilə istehsal olunub.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl layihə çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında” tədbirləri baş tutub.