

Laçın Beynəlxalq Film Festivalının (LaçınFilmFest) Laçın şəhərində təqdimatı keçirilib. Festival Azərbaycanın kino tarixində əlamətdar hadisə olaraq, paytaxtdan kənarda keçirilən ilk beynəlxalq film festival olan Laçın Beynəlxalq Film Festivalında yerli və beynəlxalq animasiya kateqoriyaları da mövcuddur. 2026-cı ilin avqustunda baş tutacaq bu tədbirlər qısametrajlı kino sahəsində yeni yaradıcı səsləri üzə çıxarmağı, Laçının mədəni dirçəlişini dünyaya çatdırmağı və regionu beynəlxalq kino mühitinin yeni yaradıcı məkanına çevirməyi hədəfləyir. Bu sözləri “HochazFilm Creative Studio”nun direktoru Amil Məmibəyli söyləyib.
LIFF- kütləvi şəhər festivallarından fərqli olaraq coğrafi uzaqlığı və dağ landşaftını eksklüziv üstünlüyə çevirərək, meqapolislərdə mümkün olmayan səmimi peşəkar ünsiyyət mühiti yaradır. Laçının unikallığı onun təbiəti, Həkəri çayı və tarixi irsinin (Abidələr, Qasımuşağı xalçaları və s.) müasir infrastrukturla (Laçın Hava Limanı, Lachin Resort & SPA, HoçazFilm Yaradıcılıq Studiyası, LaCinema kinoteatrı, Abdallar Hotel, Tree House və digər istirahət kompleksləri) vəhdətindədir.
MÜKAFATLAR – “QIZIL PALID BUDAĞI”
Festivalın rəsmi mükafatı Laçın meşələrinin simvolu olan Qırmızı Palıddan ilhamlanan “Qızıl Palıd Budağı”dır. Bu mükafat həm dözümlülüyü, həm də dirçəlişi təcəssüm etdirir. Azərbaycan Dövlət Gerbində də olan Palıd, çətin dağ iqlimində belə yaşam gücünü qoruyan, zamanla daha da möhkəmlənən iradənin simvoludur. Festivalın vizual identikliyi və mükafatları məhz bu metaforadan ilhamlanır: insan yaradıcılığının tənqidlər, müharibələr və çətinliklər qarşısında da solmadığını, əksinə yeniləndiyini göstərmək.
Mükafat kateqoriyaları:
Beynəlxalq:
• Ən yaxşı bədii qısametraj filmi
• Ən yaxşı sənədli qısametraj filmi
• Ən yaxşı animasiya qısametraj filmi
• Ən yaxşı tələbə filmi
• Ən yaxşı rejissor
Milli:
• Ən yaxşı milli bədii qısametraj
• Ən yaxşı milli sənədli qısametraj
• Ən yaxşı milli qısa animasiya
• Ən yaxşı milli qısa tələbə filmi
• Ən yaxşı rejissor
Xüsusi nominasiyalar arasında “Həkəri” mükafatı – ən axıcı süjet xətti üçün seçilir.
Ümumi mükafat fondu: 5000 USD
LIFF- 2023-cü ildə Laçında fəaliyyət göstərən “HocazhFilm Creative Studio” tərəfindən təsis edilib. Əsas dəstəkçiləri- Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti, HoçazFilm, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Lachin Resort & Spa, AzGeo (Azərbaycan Geologiyası), Gilabi Ceramics
QAYDALAR VƏ REQLAMENT
Laçın Beynəlxalq Film Festivalı (LIFF) tərəfdaş dövlət və özəl qurumların dəstəyi ilə təşkil olunur. Bütün hüquqlar Təşkilat Komitəsində saxlanılır.
Festival istənilən mövzuda filmləri qəbul edir.
Xəzəryanı ve həmsərhəd ölkələr, MDB və Türk Dövlətləri, Mərkəzi Asiya, Türkiyə və Cənubi və şərqi Avropa kinosuna üstünlük verilir.
Azərbaycanda əvvəllər nümayiş olunmamış filmlərə üstünlük verilir. Yalnız 2024, 2025 və ya 2026-cı illərdə istehsal olunmuş filmlər müraciət edə bilər. Daha köhnə istehsallar nəzərə alınmayacaq.
Qısametrajlı: 30 dəqiqəyədək (titr daxil)
Sənədli: 30 dəqiqəyədək
Animasiya: 10 dəqiqəyədək (titr daxil)
Azərbaycan dilində olmayan filmlər ingilis ve ya Azərbaycan subtitrləri ilə təmin edilməlidir. SRT faylı və dialoq siyahısı tələb olunur.
Seçilmiş filmlər veb-saytda və sosial mediada elan ediləcək. Seçilməyən filmlərə fərdi rəy bildirilməyəcək.
Hər filmdən 1-2 nümayəndə rəsmi dəvət olunacaq. Festival aviabilet, yaşayış və yerli nəqliyyat xərclərini qarşılayır.
1 mart tarixində müraciətlər filmfreeway üzərindən açılacaq.
Müraciət üçün son tarix – 10 iyul 2026-ci il.
2 avqust tarixində seçilmiş filmlər elan olunacaq.
Festival 24-27 avqust aralığında baş tutacaq.