

2026-сı il, 21 fevral tarixində Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsi olan “Yulaf dönərgə” (Porridge Monster) qısametrajlı animasiya filminin İspaniyada keçirilən 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalı (Animac International Animation Film Festival of Catalonia) çərçivəsində beynəlxalq premyerası baş tutacaq.
“Yulaf dönərgə” filminin Azərbaycan premyerası isə bu il 13-17 may aralığında Bakıda keçiriləcək 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində baş tutacaq.
Stop motion, plastilin və 3D texnikalarından istifadə olunaraq yaradılmış “Yulaf dönərgə” filmi səhər yeməyi zamanı valideynləri arasında baş verən mübahisə zəminində uşaqda yaranan mürəkkəb emosiyalar haqqında duyğusal animasiya filmidir.
Filmin rejissoru polşalı rejissor Izabela Plucińska, ssenari müəllifi Justyna Celeda, rəssamı Karolina Gołębiowska, bəstəkarı isə Azər Hacıəsgərlidir. Filmi Maria Dąbrowska, Hüsniyyə Mürvətova, Maja Plucińska və Firdovsi A. Nəbiyev səsləndiriblər. Səs rejissorluğu Nadir Mahmudov, montaj Piotr Krygiel, titr dizaynı Rəsul Həsənə aiddir.
Polşa, Almaniya və Azərbaycanın istehsalçısı kimi çıxış etdiyi layihədə prodüser kimi müvafiq olaraq Paulina Ratajczak (“Las Sztuki Foundation”), Karsten Matern (“Wait a Second!”), Rəşid Ağamalıyev(“PERİ FİLM”) təmsil olunur.
Polşa Kino İnstitutunun birgə maliyyələşdirdiyi film. Film FFA – Kino Dəstək Fondu, BKM – Federal Hökumətin Mədəniyyət və Media üzrə Müvəkkili, ARKA – Azərbaycan Respublikası Kino Agentliyi, “ANİMAFİLM” Studiyası və “Pomerania Film” Qərbi Pomeraniya Kino Fondu tərəfindən birgə maliyyələşdirilmişdir. Film, həmçinin Qərbi Pomeraniya vilayəti Marşal İdarəsi, Koşalin şəhəri və Şetsin şəhəri tərəfindən birgə maliyyələşdirilmişdir.