

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi” elan edir.
Müsabiqəyə sənədlərin qəbulu 10 martdan başlayacaq və 23 aprelə qədər davam edəcək. Müsabiqənin məqsədi film istehsalının stimullaşdırılması, müstəqil prodüser mərkəzləri və bu sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması, həmçinin birgə film istehsalının dəstəklənməsidir. Müsabiqə post-prodakşn mərhələsində olan və kütləvi nümayiş üçün nəzərdə tutulan film layihələri arasında keçirilir.
Layihələr üç mərhələdə – qəbul, Bədii Şura tərəfindən qiymətləndirmə və sənədləşdirmə olaraq nəzərdən keçiriləcək. Bir film üçün maksimal dəstək məbləği yerli layihələrdə tammetrajlı bədii filmlər üzrə 30 min manat, tammetrajlı sənədli film üzrə 18 min manat, tammetrajlı bədii-sənədli filmlər üzrə 20 min manat, qısametrajlı bədii və bədii-sənədli filmlər üzrə 15 min manat, qısametrajlı sənədli və animasiya filmləri üzrə isə 13 min manat təşkil edir. Beynəlxalq layihələrdə isə tammetrajlı bədii filmlər üzrə 45 min manat, tammetrajlı sənədli filmlər üzrə 27 min manat, tammetrajlı bədii-sənədli filmlər üzrə 30 min manat, qısametrajlı bədii və bədii-sənədli filmlər üzrə 22 min 500 manat, qısametrajlı sənədli və animasiya filmləri üzrə isə 19 min 500 manat təşkil edir.
İlk dəfə süni intellektlə hazırlanmış yerli layihələrə də dəstək göstəriləcək. Belə ki, bu dəstəyin məbləği maksimal 10 min manat olacaq.
Müsabiqənin reqlamentinə dair bütün məlumatlar və müraciət üçün keçid ARKA-nın rəsmi saytında yerləşdirilmişdir.