

bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında hazırlanmış “Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898-2025)” adlı dördcildliyi təqdim olunub. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, dosent Aydın Kazımzadənin müəllifi olduğu bu fundamental nəşr Azərbaycan kinosunun yarandığı gündən bu günə qədər bütün tarixi mərhələləri əhatə etməklə, Azərbaycan Dövlət Film Fondunda qeydiyyata alınmış filmlər haqqında məlumatları sistemli şəkildə təqdim edir. 128 illik kino tariximizi əhatə edən nəşrin I və II cildlərinə bədii filmlər, televiziya filmləri, animasiya filmləri və “Mozalan” süjetləri, III və IV cildlərinə isə sənədli filmlər daxil edilib. Kitabda ilk dəfə olaraq 2025-ci ilə qədər istehsal olunmuş filmlərimiz vahid şəkildə sistemləşdirilib.
Nəşrdə milli kino irsimizin ayrılmaz tərkib hissəsi olan animasiya sahəsinə xüsusi diqqət ayrılaraq qeyd olunur ki, son dövrlərdə Azərbaycan animasiya kinosunda müəyyən durğunluq hiss olunurdu və bu sahəyə diqqət azalmışdı. Lakin Azərbaycan Animasiya Assosiasiyasının sədri, eləcə də ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev ölkəmizdə kinonun bu növünün dirçəldilməsi üçün xeyli iş görüb. Məhz onun işgüzarlığı və fəaliyyəti sayəsində 2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası təsis edilib və qısa müddətdə 50-dən çox peşəkar üzvü öz ətrafında birləşdirməyə nail olub. Animatorları vahid platformada toplayan bu qurumun keçirdiyi müxtəlif tədbirlər və beynəlxalq layihələr nəticəsində Azərbaycan animasiyası yenidən canlanaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Geniş redaksiya və texniki heyətin zəhməti nəticəsində ərsəyə gələn bu layihə müəllifin şəxsi arxivi, müxtəlif kino xadimlərinin arxivləri və Dövlət Film Fondunun materialları əsasında hazırlanıb. Nəşr kino tədqiqatçıları, mədəniyyət və incəsənət tələbələri, eləcə də Azərbaycan kinosunun tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.