

Azərbaycanın Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev 29 mart 2026-ci il tarixində İstanbulda, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu başa vurub.
O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb.
Animasiya kinomuza xüsusi diqqət göstərən sənətkar “İthaf”, “Toral və Zəri”, “Kitabi Dədə Qorqud. Basat və Təpəgöz” animasiya filmlərində səs aktyoru kimi çıxış edib.
O 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının daimi tərəfdaşıdır.
8 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Xalq artisti Rasim Balayevlə vida mərasimi sabah saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Dəfn Birinci Fəxri Xiyabanda baş tutacaq.
Allah rəhmət eləsin!