

Azərbaycan Respublikasının mədəniyyət naziri Cənab Adil Kərimliyə
Hörmətli Adil müəllim,
14 aprel 2026-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaradıcı Mərkəz” MMC və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı, Azərbaycan Animasiya Assosiasiyasının üzvləri, yaradıcı şəxslər və özəl şirkət rəhbərlərinin iştirakı ilə “Fluxus Space” incəsənət qalereyasında “Animasiya üzrə dəyirmi masa. Sənaye nümayəndələrinin görüşü” tədbiri keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına əsaslanaraq, həmçinin “Animasiya üzrə dəyirmi masa. Sənaye nümayəndələrinin görüşü” tədbirində müzakirə olunan mözvuları və tədbirdən sonra Azərbaycan Animasiya Assosiasiyasının üzvlərindən topladığımız rəyləri nəzərə alaraq Sizə müraciət edirik:
1. Mövcud dünya təcrübəsinə əsaslanaraq, Sizdən xahiş edirik ki, ARKA tərəfindən təşkil olunan müsabiqələrdə qrant məbləğləri dörd dəfə artırılsın.
2. ARKA tammetrajlı animasiya filmləri və animasiya seriallarının istehsalı üçün müsabiqələr təşkil etsin.
3. ARKA həmçinin qısametrajlı, tammetrajlı animasiya filmləri və animasiya seriallarının inkişaf və ssenarinin yazılması (development), hazırlıq (pre-production), istehsal (production), post-prodakşn və kinoteatrlarda və digər platformalarda yayım (distribusiya) mərhələləri üzrə ayrıca müsabiqələr təşkil etsin.
4. Bölgələrimizdə animasiya kinosunun inkişafını təmin etmək üçün yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində regional kino fondları yaratmağı təklif edirik. Həmin fondların maliyyə dəstəyi ilə qısametrajlı, tammetrajlı filmləri və animasiya serialları (həmçinin bədii və sənədli filmləri) istehsal olunacaq. Bu həm milli kinomuzun inkişafına, bölgələrdə yaradıcı sənayenin imkanlarının genişlənməsinə, həm də yeni iş yerlərinin yaradilmasına imkan yaradacaq.
5. Uşaqların tərbiyəsində xüsusi rol oynayan animasiya filmləri istehsal edən şirkətlər üçün xüsusi vergi güzəştləri tətbiq olunsun.
6. 2027-ci ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının 10-cu yubiley tədbirləri olacaq. Sizdən xahiş edirik ki, festivalın keçirlməsinə dair xüsusi sərəncam verəsiniz və festivalın daha geniş formatda təşkili məqsədilə tələb olunacaq maliyyə vəsaitini Nazirliyin 2027-ci il üzrə büdcəsinə daxil edəsiniz.
7. Azərbaycan Animasiya Assosiasiyası yeni animasiya layihələrinin sayını artırmaq məqsədi ilə Animasiya evində yerli və xarici mentorların iştirakı ilə yeni animasiya layihələrinin inkişafı üzrə kurs və pitçinq müsabiqəsi təşkil etmək niyyətindədir. Bu kursu Mədəniyyət Nazirliyi və ARKA-nın iştirakı və dəstəyi ilə keçirməyi təklif edirik.
8. Sizdən xahiş edirik ki, Azərbaycan Animasiya Assosiasiyası üzvlərinin daha uğurlu fəaliyyəti üçün zəruri olan avadınlıqların (proyektor, ekran, kompüterlər, səsyazma avadanlıqları və s.) alınmasına və Assosiasiyanın ofisinin icarə haqqının ödənilməsinə köməklik göstərəsiniz.
9. Azərbaycan animasiya filmlərinin televiziya kanallarında geniş yayımına şərait yaratmaq üçün televiziya şirkətləri ilə görüş təşkil etmək və kvota sistemini tətbiq etmək üçün hüquqi baza yaradılması vacibdir. Bu istiqamətdə Mədəniyyət Nazirliyinin müəyyən göstəriş, təlimat və qərarlarına ciddi ehtiyac var. Sizdən xahiş edirik ki, bu istiqamətdə hüquqi bazanın formalaşdırilmasına və bizə hüquqi məsləhətlərin verilməsinə yardımçı olasınız.
Hörmətlə,
Rəşid Ağamalıyev
Azərbaycan Animasiya Assosiasiyası İctimai Birliyinin sədri