

Bu gün yaradıcılığı ilə Azərbaycan animasiya sənətinə töhfələr verən animator-rəssam Gülşən xanım Quliyevanın 75 yaşı tamam olur.
Gülşən Rəsul qızı Quliyeva 28 may 1951-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirən kimi Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə qəbul olub. Yaradıcı mühit seçdiyi peşədə yanılmadığını bir daha sübut edib. Gənc rəssam həmin dövrdə animasiya sənətinə də meyl göstərib və qəhrəmanlarını hərəkətdə görmək istəyi onun həyatına hakim kəsilib. Gülşən Quliyeva 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında, animasiya sexində fazaçı-rəssam işləməyə başlayıb. 1974-1976-cı illərdə Kiyevdə təşkil olunan “Ali Animasiya kursları”nı bitirib, sənətdə püxtələşib və yaradıcılığının sonrakı dövrlərində artıq animasiya sexində animator-rəssam və quruluşçu rəssam kimi çalışıb.
Gülşən xanım 32 animasiya filmində animator, 8 filmdə isə quruluşçu rəssam kimi işləyib. Onların arasında hamımızın böyük həvəslə izlədiyimiz “Bulud niyə ağlayır”, “Pıspısa xanım və siçan bəy” (“Tıq-tıq xanım”), “Şahzadə – qara qızıl”, “Günlərin bir günündə”, “Dinqil sazım, dınqıl”, “Şah və xidmətçi”, “Arzunu yarat”, “Daş”, “Kirpi balası və alma”, “Toplan və kölgəsi”, “Xeyir və şər”, “Humayın yuxusu”, “Talada ev”, “Lovğa fil balası”, “Arzular… Arzular”, “Əndazədən çıxanlar”, “Qaravəlli”, “Qaravəlli 2”, “Nar ağacının nağılı” və başqa filmlər də var. Qeyd etməliyik ki, bu filmlərin bəziləri ölkəmizi beynəlxalq festivallarda uğurla təmsil edib.
Gülşən xanım müxtəlif sənətkarlarla çalışsa da, onun filmoqrafiyasında həyat yoldaşı, animasiya rejissoru və rəssamı Elçin Hami Axundovla işlədiyi filmlərin üstünlük təşkil etdiyi nəzərə çarpır.
Gülşən Quliyevanın Azərbaycan animasiya sənətinə verdiyi töhfələr dövlətimiz tərəfindən dəyərləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 01 avqust tarixli Sərəncamına əsasən Azərbaycan animasiya sənətinin inkişafına verdiyi böyük töhfələrə görə Gülşən Rəsul qızı Quliyeva “Tərəqqi” medalı ilə təltif olunub.
Hörmətli sənətkarımız Gülşən xanım Quliyevanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
1. Bulud niyə ağlayır – fazaçı rəssam
2. Pıspısa xanım və siçan bəy – fazaçı rəssam
3. Şahzadə – qara qızıl – fazaçı rəssam
4. Günlərin bir günündə – fazaçı rəssam
5. Dinqil sazım, dınqıl – animator
6. Şah və xidmətçi – animator
7. Arzunu yarat – animator
8. Daş – animator
9. Kirpi balası və alma – animator
10. Toplan və kölgəsi – animator
11. Xeyir və şər – animator
12. Humayın yuxusu – animator
13. Talada ev – animator
14. Lovğa fil balası – animator
15.Arzular… Arzular – animator
16. Əndazədən çıxanlar – animator
17. Qaravəlli – animator
18. Nar ağacının nağılı – animator
19. Bahar əyləncələri – animator
20. Güzgü – animator, quruluşçu rəssam
21. Yalançı çoban – animator, quruluşçu rəssam
22. Dəniz gəzintisi – animator, quruluşçu rəssam
23. Qaravəlli 2 – animator
24. Ümid – animator, quruluşçu rəssam
25. Söhbətül əsmar – animator, quruluşçu rəssam
26. Cavanşir – animator, quruluşçu rəssam
27. Ayna – animator
28. Dəniz səyahəti – animator, quruluşçu rəssam
29. Məclis – animator
30. Cırtdan-pəhləvan – animator
31. Cırtdan və div – animator
32. Qarğa balası və özgə yuvası – quruluşçu rəssam
33. Qızıl – animator, quruluşçu rəssam
34. Siçan və pişik – animator
35. Tırtılın arzusu – animator
35. Uşaq və külək – animator