

Screenshot
Polşa, Almaniya və Azərbaycanın birgə istehsalı olan, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunan “Yulaf dönərgə” (rej. Izabela Plucińska) qısametrajlı animasiya filmi 79-cu Beynəlxalq Kann Kino Festivalının kino sənayesi hissəsi çərçivəsində gerçəkləşən Rendez-vous Industry proqramına daxil edilib.
Polşa, Almaniya və Azərbaycanın istehsalçısı olaraq çıxış etdiyi layihədə prodüser kimi müvafiq şəkildə Paulina Ratajczak (“Las Sztuki Foundation”), Karsten Matern (“Wait a Second!”), Rəşid Ağamalıyev (“PERİ FİLM”, ”ANİMAFİLM”) təmsil olunur. Film Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsidir (koprodakşn).
SFC | Rendez-vous Industry — qısametrajlı filmlər yaradan müəlliflərə həsr olunub. O, müsabiqədənkənar bölmə kimi, ilk növbədə, müəlliflərlə kino sənayesi nümayəndələri arasında əlaqələrin yaradılmasına xidmət edir.
Sənayeçilərin görüşü çərçivəsində Qısametrajlı filmlər Proqramının kataloqu ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.
Xatırladaq ki, 79-cu Kann Kino Festivalı 12-23 may 2026-cı il tarixlərində keçirilir, Qısametrajlı filmlər proqramı isə 17-20 may 2026-cı il tarixlərində baş tutacaq. Filmin proqramda iştirakı Polşa Kino İnstitutu (Polski Instytut Sztuki Filmowej) tərəfindən dəstəklənib.
Stop motion, plastilin və 3D texnikalarından istifadə olunaraq yaradılmış “Yulaf dönərgə” filmi səhər yeməyi zamanı valideynləri arasında baş verən mübahisə zəminində uşaqda yaranan mürəkkəb emosiyalar haqqında duyğusal animasiya filmidir.
Filmin dünya premyerası 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalında (Animac International Animation Film Festival of Catalonia) baş tutub. Filmin Alman premyerası OSKAR kvalifikasiyalı 33-cü Ştutqart Beynəlxalq Animasiya Filmləri Festivalında (Stuttgart International Festival of Animated Film) baş tutub. Filmin Azərbaycan premyerası isə 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında baş tutub.
Filmin rejissoru polşalı rejissor Izabela Plucińska, ssenari müəllifi Justyna Celeda, rəssamı Karolina Gołębiowska, bəstəkarı isə Azər Hacıəsgərlidir. Filmi Maria Dąbrowska, Hüsniyyə Mürvətova, Maja Plucińska və Firdovsi A. Nəbiyev səsləndiriblər. Səs rejissorluğu Nadir Mahmudov, montaj Piotr Krygiel, titr dizaynı Rəsul Həsənə aiddir.
Film Polşa Kino İnstitutu, FFA – Kino Dəstək Fondu, BKM – Federal Hökumətin Mədəniyyət və Media üzrə Müvəkkili, ARKA – Azərbaycan Respublikası Kino Agentliyi, “ANİMAFİLM” Studiyası və “Pomerania Film” Qərbi Pomeraniya Kino Fondu tərəfindən birgə maliyyələşdirilmişdir. Film, həmçinin Qərbi Pomeraniya vilayəti Marşal İdarəsi, Koşalin şəhəri və Şetsin şəhəri tərəfindən birgə maliyyələşdirilmişdir.
Layihənin distribüteri Bear With Me Distribution, strateji partnyor Akademia Sztuki w Szczecinie.