

Memorandum çərçivəsində yerli animasiya layihələrinin təqdimatı keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Mərkəzin direktoru Elnarə Ənsari və Azərbaycan Animasiya Assosiasiyasının İdarə Heyətinin sədri Rəşid Ağamalıyev imzalayıblar.
Memorandumun əsas məqsədi Mərkəzin benefisiarlarının və sosial baxımdan həssas əhali qruplarının cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, animasiya sənəti sahəsində maarifləndirmə işinin aparılması və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsidir.
Tədbir çərçivəsində Mərkəzdə milli uşaq auditoriyasının rəğbətini qazanmış “İsi və Piti” animasiya serialı, “Bum-Bum”, “Yer və Ay” və “Qraviton” animasiya filmlərinin təqdimatı keçirilib. Təqdimatda Azərbaycan Animasiya Assosiasiyasının yaradıcı heyəti, Mərkəzin benefisiarları, eləcə də Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Uşaq evi sosial xidmət müəssisələrində yaşayan valideyn himayəsindən məhrum olmuş ümumilikdə 70-ə yaxın uşaq iştirak edib.
Rəşid Ağamalıyev serialların ideyası, yaranma tarixi, qəhrəmanların xarakterik xüsusiyyətləri və ekran əsərlərinin hazırlanma prosesi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, dostluq, mənəvi dəyərlər, ətraf mühitə və heyvanlara qayğı mövzularını əhatə edən animasiya serialları uşaqlarda müsbət emosiyaların, yaradıcılıq təfəkkürünün və estetik zövqün formalaşmasına töhfə verir.
Ekran əsərlərinin nümayişindən sonra tədbir interaktiv formatda davam etdirilib. Yaradıcı heyət animasiyaların çəkilmə texnikası və süjet xətti ilə bağlı uşaqların suallarını cavablandırıb. Tədbir iştirakçıları öz təəssüratlarını bölüşüb, sevdikləri personajlar barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda vurğulanıb ki, imzalanmış memorandum çərçivəsində benefisiarların incəsənətə və animasiya sənətinə inteqrasiyasının dəstəklənməsi məqsədilə yeni birgə layihələrin və uşaqlar üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.