

Azərbaycan istehsalı “Bum-bum” animasiya filmi Qazaxıstanın 3-cü Almatı Animasiya Festivalının “International Competition” proqramına və Yunanıstanın 19-cu ANIMASYROS Beynəlxalq Animasiya Film Festivalının “K.ID.S” müsabiqə proqramına seçilib.
“Bum-bum” animasiya filmi Azərbaycan Animasiya Assosiasiyası tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və ANİMAFİLM Studiyasının məkan və texniki dəstəyi ilə istehsal olunub.
Vaqif Səmədoğlunun “Bum-bum” poemasının motivləri əsasında çəkilən filmin rejissorları Nəzrin Ağamalıyeva və Rəşid Ağamalıyev, prodüseri isə Rəşid Ağamalıyevdir.
Film 4–6 sentyabr 2026-cı il tarixlərində Almatıda keçirilən Almaty Animasiya Festivalında nümayiş olunub. Festival Qazaxıstan və Mərkəzi Asiya animasiyasını dünya auditoriyası ilə əlaqələndirir.
“Bum-bum” 21–27 sentyabr 2026-cı il tarixlərində Yunanıstanın Syros adasında keçiriləcək ANIMASYROS festivalının “K.ID.S” müsabiqəsində də təqdim olunacaq. Yunanıstanın ən böyük və Avropanın aparıcı animasiya festivallarından biri olan ANIMASYROS-un builki müsabiqə proqramında 50 ölkədən 280-dən çox film yer alır.
“Bum-bum” animasiya filminin premyerası 2025-ci il, 25 noyabr tarixində “ANİMAFİLM Lənkəranda” Animasiya Festivalında baş tutub Film bundan sonra 2025-ci il, 28 noyabr tarixində “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivallarında, 2025-ci il, 6 dekabr tarixində 2-ci Baku Cinema Breeze Beynəlxalq Film Festivalı və ATA – Türk Animasiya Festivalında, 2026-cı il, 7 fevral tarixində “ANİMAFİLM Gəncədə” festivalında, 2026-cı il, 13 may tarixində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında, 2026-cı il, 21 may tarixində isə 13-cü Ümumdünya Şəhərsalma Forumunda (World Urban Forum XIII) nümayiş olunub.
Süjet: Sakit bir meşədə eşidilən “bum-bum” səsi qorxaq Dovşanı təşvişə salır – o, dəhşətli bir məxluqun gəldiyinə inanır. Dovşan digər heyvanlara xəbərdarlıq etdikcə, onların vəhşi təxəyyülləri meşədə qarışıqlıq yaradır. Lakin nəhayət həqiqətlə üz-üzə qalanda anlayırlar ki, qorxunun səbəbi nə canavar, nə də təhlükədir – əksinə, hamını bir araya gətirən şirin və gülməli bir sürprizdir.