

27 oktyabr tarixində Beynəlxalq Animasiya Günü münasibətilə Nizami Kino Mərkəzində “Azərbaycan animasiya filmlərinin xüsusi nümayişi” adlı tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Animasiya Assosiasiyasının sədri və “ANİMAFİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru Elçin Axundov və digər ictimai xadimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və Nizami Kino Mərkəzinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Nümayişdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “Azərbaycan Uşaqları” İctimai Birliy və “Ümid yeri” Uşaq Sığınacağının, eləcə də 1, 2 və 3 saylı uşaq evlərinin sakinləri iştirak ediblər. Ümumilikdə tədbir 200-dən çox tamaşaçını bir araya gətirib.
Proqram çərçivəsində “İsi və Piti” animasiya serialının “Aşpazlar” və “Oyun tərtibatçıları” bölümləri, “Pulun dili” serialının “Debet kartları” və “Kredit kartları” bölümləri, “Qobustan” serialının ikinci mövsümünün ilk bölümü, həmçinin “Bum-bum”, “Yer və Ay”, “Eyni yağışın altında” və “Soyuz: Qraviton” qısametrajlı animasiya filmləri nümayiş olunub.
Tədbir çərçivəsində Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, rejissor Aynur Zərrintacın təqdimatında uşaqlar üçün interaktiv oyunlar təşkil olunub, “Kiko və Dido” uşaq nağılınına aid məhsullar təqdim olunub. Nümayişdən sonra isə tamaşaçılar filmlərin müəllifləri ilə görüşərək animasiya filmləri və onların yaradılma prosesi ətrafında müzakirələr aparıblar.