

28 oktyabr, Beynəlxalq Animasiya Günü münasibətilə “Bum-bum” qısametrajlı animasiya filmi “Azərbaycan Animasiyası” və ”ANİMAFİLM Studio”-nun rəsmi YouTube kanallarında yayımlandı!
Süjet: Sakit bir meşədə eşidilən “bum-bum” səsi qorxaq Dovşanı təşvişə salır – o, dəhşətli bir məxluqun gəldiyinə inanır. Dovşan digər heyvanlara xəbərdarlıq etdikcə, onların vəhşi təxəyyülləri meşədə qarışıqlıq yaradır. Lakin nəhayət həqiqətlə üz-üzə qalanda anlayırlar ki, qorxunun səbəbi nə canavar, nə də təhlükədir – əksinə, hamını bir araya gətirən şirin və gülməli bir sürprizdir.
“Bum-bum” qısametrajlı uşaq animasiya filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ANİMAFİLM” Studiyasının məkan və texniki dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında çəkilib. Filminin rejissorları Nəzrin Ağamalıyeva və Rəşid Ağamalıyevdir.
“Bum-bum” animasiya filminin premyerası 2025-ci il, 25 noyabr tarixində “ANİMAFİLM Lənkəranda” Animasiya Festivalında baş tutub. Film bundan sonra 2025-ci ildə “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivallarında, 2-ci Baku Cinema Breeze Beynəlxalq Film Festivalı və ATA – Türk Animasiya Festivalında, 2026-cı ildə isə “ANİMAFİLM Gəncədə” festivalında, 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında, 13-cü Ümumdünya Şəhərsalma Forumunda (World Urban Forum XIII) nümayiş olunub, həmçinin Qazaxıstanın 3-cü Almatı Animasiya Festivalının “International Competition” proqramına və Yunanıstanın 19-cu ANIMASYROS Beynəlxalq Animasiya Film Festivalının “K.ID.S” müsabiqə proqramına seçilib.