Bu gün – 2023-cü ilin fevralın 7-si tanınmış animasiya rejissoru, rəssam və ssenari müəllifi, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovun 75 yaşı tamam olur. Tam təsəvvürləri olmasa da onu respublikada hamı saqqallı araqçınlı animasiya rejissoru kimi tanıyır. Bəs, görəsən, bu üsluba rejissor nə zaman yiyələnib? Özünün dediyinə görə o, saqqalı “20 Yanvar” faciəsindən sonra saxlamağa başlayıb, və özünə söz verib ki, heç zaman daha onu qırxmayacaq. Araqçını isə Azərbaycan müstəqillik əldə edəndən sonra taxmağa başlayıb və deyəsən, onu da ömrünün sonuna kimi gəzdirməyi qarşısına məqsəd qoyub. Öz dediyinə görə o, araqçınları sifarişlə tikdirir və evində artıq araqçınlar kolleksiyası yaranıb.
Elçin bəy Azərbaycan animasiyasının yaranmasına və inkişafına mühüm töhfələr vermiş unikal bir şəxsiyyətdir. O, 1966-cı ildən kino sahəsində çalışır, 10-a qədər animasiya filminin rejissoru və 30-a qədər animasiya filminin quruluşçu-rəssamıdır. Elçin bəy son vaxtlar uşaqlarla daha çox işləyir, o, 2016-ci ildə “Qurama” Uşaq Animasiya Studiyasını yaradıb və bu günə kimi onun rəhbəridir. Bundan əlavə, o, uşaqlar üçün onlarla inkişafetdirici kitabların – “Özün düzəlt” və “Sənin ilk kitabın” kimi silsilə və s. kitabların müəllifidir.
Elçin Hami Axundov Azərbaycan Animasiya Assosiasiyasının ilk həmtəsisçilərindən biridir. O, 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (2019) “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıq qayıq” mükafatı ilə təltif olunub. 2022-ci ildə Daşkənd Beynəlxalq Animasiya Forumunda “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını alıb.
Buna da bax: Tərcümeyi-hal
Buna da bax: Elçin Hami Axundov ilə müsahibə – ANİMAFİLM TV (07.02.2021)