20-21 aprel 2023-cü il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan kinosu – 125: Reallıq, çağırışlar və məqsədlər” adlı kinoforum keçirilib.
Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimli qeyd edib ki, forumun əsas məqsədi “Azərbaycan kino sənayesinin əsas çağırışlarını və perspektivlərini müzakirə etməkdir”. O, çıxışında vurğulayıb ki, “Azərbaycan kinosunun 2020-2040-cı illər üçün inkişaf strategiyası sənədi hazırlanır. Ümid edirik ki, bu forumda səslənən fikir və təkliflər həmin strategiyaya öz töhfəsini verəcək”.
Azərbaycan Animasiya Assosiasiyasının üzvü Firəngiz Bağırova Azərbaycan animasiyasının son nailiyyətlərindən danışıb: “2018-ci ildən təşkil etdiyimiz ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında ötən ildən başlayaraq pitchinq sessiyalarına da ev sahibliyi edirik. 6-cı ANİMAFİLM festivalının mövzusu “Qadın haqları” olacaq. Həmçinin, qısametrajlı filmlərimiz hazırda dünyanın ən böyük animasiya tədbiri sayılan Annecy festivalında iştirak edir. Azərbaycan animasiya sənayesinin davamlı inkişafını təmin etmək üçün Azərbaycan hökumətinin bu təşəbbüsləri dəstəkləməkdə davam etməsi çox vacibdir”.
Kann, Venesiya, Berlin və Sandans (Sundance) festivalları mükafatçısı, prodüser, “Canal+” telekanalının kino departamentinin keçmiş layihə developeri (təkmilləşdiricisi) Guillaume de Seille (Qiyom de Sey) çıxışı zamanı bildirib ki, “Biz Azərbaycan filmlərini sevirik və bu gün onların beynəlxalq icmaya çatdırmaq yollarını öyrənməliyik”.
Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisi Elçin Hami Axundov Guillaume de Seille-i 6-cı ANİMAFİLM festivalına dəvət edib.
Mənbələr: