ANİMAFİLM 1-ci Bakı Beynəlxalq Animasiya festivalının qalibləri
Baxış sayı: 742
Məlum olduğu kimi 19-21 oktyabr, 2018-ci ildə Bakıda ilk dəfə keçirilən ANİMAFİLM 1-ci Bakı Beynəlxalq festivalı təntənə ilə başa çatıb.
Festivalın iki beynəlxalq və bir yerli müsabiqələrinə dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilmişdi. Əvvəlcədən 3 nəfərdən ibarət seçim komissiyası (Rəşid Ağamalıyev, Miroslava Yanicatova və Xanım Muxtarova) müsabiqə proqramı üçün 20 film və 5 ssenari seçib.
Müsabiqələrin nəticələrini 2 müstəqil beynəlxalq münsiflər heyəti araşdırıb qiymət verib. Animasiya filmləri üzrə münsiflər heyətinə tanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundovun (Azərbaycan) başçılığı ilə bir sıra xarici mütəxəssislər daxil idi. Ssenarilər üzrə isə ayrıca beynəlxalq münsiflər heyəti fəaliyyət göstərirdi.
Müsabiqələrin qalibləri festivalın 3-cü günü, festivalin bağlanış mərasimində – oktyabrın 21-də bəlli oldu. Qaliblər “Qızil qayıq” diplom mükafatı ilə təltif olundu.
Beləliklə “Ən yaxşı qısametrajlı animasiya filmi” üzrə müsabiqənin qalibi “Late Afternoon” (“Günortadan sonra”) animasiya filminin rejissoru İrlandiya Respublikasından Louise Bagnall oldu.
Luiza Bagnall, “Donkey” (“Eşşək”) (2009), “Loose Ends” (“Bitməmiş işlər”) (2012) və ən sonuncusu “Late Afternoon” (“Günortadan sonra”) (2017) da daxil olmaqla bir çox qısametrajlı animasiya filmləri rejissoru kimi tanınıb. Luiza hazırda Kilkennidə (İrlandiya) “Cartoon Saloon” studiyasının yaradıcı rejissorudur.
“Late Afternoon” “Ən yaxşı qısametrajlı animasiya filmi” kimi bir sıra başqa beynəlxalq festivalların da qalibi olub. Bunlardan İrland Film Festa (2017), İrland Film Festival London (2018), Tribeca Film Festival (New York) (2018) və başqalarını göstərmək olar.
Luiza Bagnall festivalda iştirak edə bilmədi. O qalib kimi öz təəssüratlarını bizimlə belə bölüşüb: “Günortadan sonra”nın builki Animafilm festivalının “Ən yaxşı qısametrajlı animasiya filmi” adını alması bizi çox sevindirdi. Buradakı kollektiv və həmçinin, öz adımdan festival təşkilatçılarına və münsiflər heyətinə böyük təşəkkürümü bildirirəm. Ümid edirəm, festivalınız ildən-ilə daha da sanballı olacaq.”
“Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” üzrə mükafatı “Continuity” (“Aramsızlıq”) animasiya filminin rejissoru Samir Salahov qazandı.
Samir Salahov videomontaj, rəsm, qrafika və küçə sənəti kimi incəsənət sahələrində fəaliyyət göstərən rəssamdır. O, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib, hazırda rəsmlə birgə memarlıq fəaliyyəti ilə də məşğuldur. Azərbaycan, Gürcüstan və Rusiyada keçirilən sərgilərdə, həmçinin YARAT-ın və ARTIM-ın layihələrində iştirak edib. Adətən, onun işləri Azərbaycan mədəniyyətini ironik və yumoristik tərzdə, güclü qrafik naxışlarda, çarpıcı rənglərdə və vurğulanmış xüsusiyyətlərdə əks olunan insan və heyvan şəkillərindən ibarətdir.
Festivalın ikinci beynəlxalq mükafatı – “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” üzrə mükafatı isə “The Nakhkesh” (“Süzülən insan”) ssenarisinə görə Zeynəb Qurbani Fəryad (Zeynab Ghorbani Faryad) qazandı.
Zeynəb fotoqrafiya üzrə bakalavr təhsili alıb. Animasiya üzrə rejissor, ssenarist, illüstratordur. İtaliya filmləri Film Festivalı (2012), İspaniya Film Festivalı və FICI (Festival Internacional de Cinema Infantil) filmləri Festivalının (2012) iştirakçısı olub. 2012-ci ildə İtaliya Yay Festivalı, 2014-cü ildə Xorvatiya və İran Vafi Beynəlxalq Film festivallarında müvəffəqiyyətlə iştirak edib.
Zeynəb xanım da festivalda iştirak edə bilməyib. O öz təəssüratlarını videoyazı şəklində saytımıza göndərib. Həmin videonu sizə təqdim edirik:
1-ci ANİMAFİLM festivalı komandası müsabiqə proqramının bütün iştirakçılarına və qaliblərinə öz təşəkkürünü bildirir və uğurlar arzulayır!