
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
13-17 may 2026-cı il tarixlərində Nizami Kino Mərkəzi və “Suraxanı” gəmi-muzeyində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq.
9-cu ANİMAFİLM Festivalının əsas mövzusu “Dəniz”dir. Biz animasiya sənətinin təqdim etdiyi geniş vizual və yaradıcı imkanlar vasitəsilə dənizin sonsuzluğunu, təbiətdəki həyati əhəmiyyətini və insanları necə bir araya gətirdiyini kəşf edəcəyik. Bu universal mövzu ekoloji həssaslığı artırmaqla yanaşı, tamaşaçıları həm sualtı dünyanın füsunkarlığına, həm də onunla bağlı olan dərin və həyəcanverici hekayələrə doğru unudulmaz bir səyahətə çıxaracaq.
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
ANİMAFİLM Festivalı animasiya kinosu vasitəsilə yaradıcılığı təşviq edir. Biz inanırıq ki, animasiya filmləri insanları birləşdirə və cəmiyyətimizdə mühüm dəyişikliklər edə bilər. ANİMAFİLM Festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir. Festival proqramına yerli və beynəlxalq müsabiqələr, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlar da daxildir.
Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında”, 2026-cı ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.
2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.
Təşkilatçılar: Azərbaycan Animasiya Assosiasiyası, “ANİMAFİLM” MMC
Festivalın direktoru: Rəşid Ağamalıyev
Festivalın icraçı direktoru: Sərxan Nəciyev
Əlaqə: animafilm.biaf@gmail.com






