2023-cü il dekabrın 20-sində, Almaniyadakı Azərbaycan Səfirliyi tanınmış rejissor, rəssam, animator, ssenarist və yazıçı Məsud Pənahiyə onun “80 illik yubileyi və Almaniyadakı azərbaycanlı icmasına göstərdiyi davamlı səylərə görə xüsusi tanınma və minnətdarlıq işarəsi” diplomu təqdim edilib. Mükafatı Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev təqdim edib.
Məsud Pənahi animasiya sənətinə əhəmiyyətli töhfələr verib. O, 60-dan çox animasiya filmlərinin müəllifidir. “Azərbaycanfilm” studiyasında işləyərkən, “Pıspısa xanım və Siçan bəy” (“Tıq-Tıq xanım”) kult filmini çəkib.
Hazırda Məsud Pənahi “Narqız” adlı yeni animasiya filmi üzərində çalışır. “Narqız” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır. Film Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyilə çəkiləcək.
Pənahi, həmçinin, mədəni və ictimai həyatda fəal iştirak edir, 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.