Sentyabrın 7-də dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan milli animasiya sənayesi üçün kommersiyalaşdırılma və ixrac imkanları perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbir 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində keçirilib.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək, dəyirmi masanın məqsədinin yerli animasiya sənayesinin inkişafı ilə bağlı məsələlərin müzakirəsi olduğunu bildirib. Qeyd edilib ki, animasiya sənayesi beynəlxalq müstəvidə mədəniyyət və yaradıcı sənayelərin aktual istiqamətlərindən olmaqla yanaşı, hazırkı mərhələdə nazirlik tərəfindən ölkə üzrə prioritet alt klasterlərdən biri kimi müəyyənləşdirilib. Son illər bu sahədə qəbul edilən mühüm siyasi qərarlar, müxtəlif qanunvericilik aktları, xüsusən ötən il dövlətimizin başçısının müvafiq Fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsinin yaradılması və 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yerli mədəniyyət və yaradıcı sənayelərin, o cümlədən animasiya sənayesinin inkişafı üçün geniş imkanlar yaradır.
Nazir müavini diqqətə çatdırıb ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycanın animasiya ənənələrini inkişaf etdirməklə, animasiya sənayesinin gəlirliliyini və rəqabət qabiliyyətini artırmaq, xarici bazarlara çıxışını dəstəkləməkdir. Bu nöqteyi-nəzərdən animasiya sahəsində təhsil, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, əqli mülkiyyət hüquqlarının qorunması və ondan istifadənin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Həmin məsələlər sırasında müxtəlif güzəşt və təşviq alətlərinin, yeni innovativ və rəqəmsal həllərin tətbiqini, zəruri infrastrukturun formalaşdırılmasını da vurğulamaq olar. Nəticədə yerli və xarici auditoriya üçün yüksəkkeyfiyyətli animasiya məhsulu və xidmətləri təklif edə, bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin sayının və məşğulluq göstəricilərinin artmasına nail ola bilərik. Yerli animasiyanın inkişafının digər bir əhəmiyyətli nəticəsi də ondan ibarət ola bilər ki, bu sahənin gündəlik istifadəçisi olan kütlə – gənc və azyaşlı nəsil milli ruhda yetişəcək, bir sıra mənfi təsirlərə daha az məruz qalacaq.
Tədbirdə çıxış edən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev Azərbaycanda animasiya filmlərinin sayının artırılmasının, uşaqların öz dillərində cizgi filmlərə baxmasının vacibliyini vurğulayıb. O bildirib ki, mövcud sahənin inkişafı üçün özəl və dövlət sektorunun bu işdə birgə iştirakı olduqca əhəmiyyətlidir.
Dəyirmi masada mövzu ətrafında müzakirələr aparılıb. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 13 yerli animasiya studiyası fəaliyyət göstərir. Onlardan yalnız 2-si 2023-cü ildə peşəkar qısametrajlı animasiya filmi istehsal edib. Müxtəlif animasiya sahələrində 150-dən çox peşəkar çalışır. Hər il orta hesabla bir və ya iki peşəkar animasiya filmi istehsal olunur.