Bu gün Azərbaycan kino və animasiya sevərlərinin qəlbində xüsusi bir yer tutan operator (təsvir rejissoru) Ramiz Ağayevin ad günüdür.
Ramiz Nizaməddin oğlu Ağayev, 1 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. O, ölkəmizin animasiya tarixində silinməz izlər qoymuş, bir çox sevilən və bədii dəyəri yüksək animasiya filmlərinin yaranmasında əsas rol oynamışdır.
Onun ilk işi 1978-ci ildə çəkilən “Qız qalası əfsanəsi” animasiya filmi olub. Bu animasiya filmi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilən ilk animasiya filmi hesab olunur. Film hər şeyə qalib gələn məhəbbətin gücündən, vətənə, xalqa sədaqətdən bəhs edir. Ramiz Ağayev bu animasiya filmində operator kimi iştirak etmiş, rejissor Məsud Pənahi ilə bir yerdə çalışmışdır.
Ramiz Ağayev 1970-1990-cı illərdə Azərbaycan animasiya sektorunun zirvə dövrünü yaşayıb. O, əsasən sevgi, məhəbbət, vətənə sədaqət hisslərinə, duyğularına sadiq qalaraq bunu öz operatorluq düşüncəsiylə təqdim etmə gücünə sahibdir.
Ramiz Ağayev, əsasən animasiya filmlərinin “Qız qalası əfsanəsi” (1978), “Sehrlənmiş küpə” (1979), “Toral və Zəri” (1979), “Meşəyə insan gəlir” (1980), “Sehrli ağac” (1980), “Sandıq” (1982), “Akvarium” (1983), “Münəccimin şagirdi” (1983), “Sehrli naxışlar” (1984), “Humayın yuxusu” (1985), “Arzular… Arzular…” (1988), “Qaravəlli” (1989), “Nar ağacının nağılı” (1989), “Ağa, cəddinə qurban” (1993) və s. filmlərin operatoru olub. Bu filmlərdən bəziləri SSRİ dövrünün ideologiyasına xidmət etsə də, milli ruhu güclü olan həmin filmlər öz müasirliyini qoruyub saxlayıb. Bu filmlər həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilib, bir çox festival və müsabiqələrdə mükafatlar qazanıblar.
Ramiz Ağayev operator sənətindən bəhs edərkən deyir ki, operatorluq sənəti rejissorun fikirləşdiyi ideyanı ekranda həyata keçirir: “Onun rəssamlığını texniki üsulla daha da gücləndirir. Yaxşı operator bunun öhdəsindən yaxşı gələ bilər, pis operator isə, əlbətə ki, pis gələcək. Yəqin ki, fikir vermisiniz, filmlərin titrlərində rejissordan sonra operatorun adı qeyd olunur. Çünki operator rejissorun bir qolu hesab olunur”.
Ramiz Ağayev operator sözünün kinoda təsvir rejissoru kimi işlənməsini daha doğru hesab edir. O, bununla bağlı Kinorejissorlar Gildiyasının təklifini dəstəkləyir.
2021-ci ildə keçirilən 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında Ramiz Ağayevdə iştirak etmişdir və festivalın ən yüksək mükafatı olan “Qızıl qayıq” mükafatına layiq görülmüşdür. Bu mükafat Ramiz Ağayevin xatirinə “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” verilmişdir. O, həmçinin ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının rəsmi YouTube kanalına da müsahibə vermişdir. Həmin müsahibəni aşağıda sizlərə təqdim edirik.