9-15 iyun tarixlərində Ansi şəhərində (Fransa) keçiriləcək Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının MIFA marketində Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə təmsil olunurlar.
Stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim olunacaq. “Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasındadır. Kataloqu www.atanimation.org ATA-nın rəsmi saytından yükləyə bilərsiniz.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir və onun gerçəkləşməsinə Türkmənistanın Mədəniyyət Nazirliyi də dəstək göstərib.
“Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbulu 27 aprel-10 may tarixlərində baş tutub. Daxil olan 90-dan çox layihədən 50-si kataloqun şərtlərinə uyğun hesab edilib, onlardan 5-i hazırlıq mərhələsində olan tammetrajlı filmlər, 11-i hazırlıq mərhələsində olan qısametrajlı filmlər, 8-i hazırlıq mərhələsində olan seriallar, 14-ü yayımlanmış qısametrajlı filmlər, 12-si yayımlanmış seriallardır.
Azərbaycandan kataloqda 12 layihə yer alıb:
Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri – Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva (ANIMAFILM Studio), Oqtay Yusibov (Alove Animation Studio), Rəşid Ağamalıyev (ANIMAFILM Studio) və Şahin Əliyev (Dynamic Box) təmsil edirlər.
Digər ölkələrdən isə festivalda Anita Chernykh (Qazaxıstan) və Serdar Durdyyev (Türkmənistan) iştirak edirlər.
Annecy festivalında, həmçinin, animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edir. Onun festivalda iştirakı 6-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.