9-15 iyun tarixlərində Ansi şəhərində (Fransa) Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı keçirilib. Bu il dünyanın ən böyük animasiya festivalında 17000-dən çox tamaşaçı və qonaq iştirak edib. Festivalın qalibləri festivalın rəsmi saytında – www.annecyfestival.com elan olunub.
Festivalın MIFA marketində Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə təmsil olunub. Stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasiya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim olunub. “Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasında idi. Kataloqu www.atanimation.org ATA-nın rəsmi saytından yükləyə bilərsiniz.
Qeyd edək ki, ATA və TÜRKSOY-un müştərək stendi layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilib.
Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri – Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva (“ANİMAFİLM Studio”), Oqtay Yusibov (Alove Animation Studio), Rəşid Ağamalıyev (ANİMAFİLM Studio) və Şahin Əliyev (Dynamic Box) təmsil ediblər.
Digər ölkələrdən isə festivalda Anita Chernykh (Qazaxıstan) və Serdar Durdyyev (Türkmənistan) iştirak ediblər.
Annecy festivalında, həmçinin, animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edib. Onun festivalda iştirakı 6-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub. Mükafatın sponsorları Annecy Festivalı, Fransa Respublikasının Azərbaycandakı Səfirliyi və Fransız İnstitutudur.
Qeyd edək ki, növbəti Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı 8-14 iyun 2025-ci il tarixlərində keçiriləcək.
***
Elçin Hami Axundov (Azərbaycan Animasiya Assosiasiyasının İdarə Heyətinin üzvü): “1960-cı ildən bu yana hər il keçirilən Annecy Festivalı müxtəlif ölkələrin mədəniyyətləri toplusunu və inteqrasiyasını özündə cəmləşdirir və bu festivalda Azərbaycan animasiyasını başqa ölkələrə tanıtmağa geniş imkan yaradır. Çox müsbət haldır ki, Ansi şəhərində keçirilən animasiya festivalına Azərbaycan bu il Türk Animasiya Assosiasiyası (ATA) ilə qoşuldu. Bu festivalda ATA-nın iştirakı çox mühüm hadisədir. Bu hadisə türk ölkələri arasında birliyin mövcudluğunu bir daha sübut edir. ATA-nın stendi balaca olsa da, bizim filmlər haqqında dolğun məlumat əks olunmuşdu. Plakatlarla bərabər, stolüstü açıqcalar forumun iştirakçılarında çox maraq doğurdu. Bu il Annecy Festivalında mən də iştirak etməkdən çox məmnun qaldım. Həqiqətən də tədbirin dünya miqyasında nüfuzunun nə qədər böyük olduğuna şahid oldum”.
Rəşid Ağamalıyev (Azərbaycan Animasiya Assosiasiyasının sədri): “Annecy Festivalında ilk dəfə 2018-ci ildə iştirak etdim və özümə məqsəd qoydum ki, bura daha böyük komanda ilə qayıdacağıq. 2020-ci ildə Annecy Festivalı ilə rəsmi əməkdaşlıq qurduq və bu bizə ANİMAFİLM festivalımızın qaliblərinin hər il burada iştirak etməsi imkanını yaradıb. 2022-ci və 2023-cü illərdə Azərbaycan animasiya filmləri ilk dəfə Annecy Festivalının müsabiqə proqramında iştirak ediblər. Bu səfər isə yeni böyük uğur əldə etdik – Azərbaycanı və bütün Türk dünaysını MIFA marketində təmsil etdik. Bu, Azərbaycanın və bütün Türk dünyasının animasiya sənayesi üçün yeni mərhələdir.”
Oqtay Yusibov (Türk Animasiya Assosiasiyasının (ATA) sədri): “ATA üçün Ansidəki MIFA mühüm hadisə olub, biz ilk dəfə vahid cəbhə kimi çıxış etdik, bundan başqa, qlobal bazarda satış nöqteyi-nəzərindən qiymətləndirmə üçün layihələrimizi hazırlayıb animasiya sənayesi üzrə ekspertlərlə müzakirə etmək barədə razılaşmalarımız oldu. Mən uğurumuza inanıram, axı bizim mədəniyyətimizi səciyyələndirən yeni ideyalar, yeni baxış dünya animasiyasını nadir hekayələrlə zənginləşdirə bilər”.
Nəzrin Ağamalıyeva (“ANİMAFİLM Studio”, Azərbaycan): “Annecy Festivalı hər bir animasiya professionalının ömründə bir dəfə də olsa qatılmalı olduğu bir animasiya bayramıdır. Bu il festivalda mənim üçün ən yadda qalan hadisə Wes Andersonla olan ustad dərsi oldu”.
Şahin Əliyev (“Dynamic Box” şirkətinin direktoru, Azərbaycan): “Dynamic Box olaraq Annecy Festivalında iştirak etmək bizə animasiya sənayesindəki yeni trendləri öyrənmək, professional əlaqələr qurmaq və üzərində işlədiyimiz “Hard Times” animasiyamız üçün maliyyə təmin etmək cəhətdən çox faydalı oldu. Tədbir çərçivəsində Wes Anderson, “Fortiche” studiyası, “Tencent animation”, “Weta Fx” vorkşoplarında iştirak etmək imkanımız oldu.”
Rəvan Muradov (“Crambone Inventive League” şirkətinin direktoru, Azərbaycan): “Azərbaycanda animasiya sahəsi ilə sıx əlaqədə olsaq da beynəlxalq sferada bu sahənin alternativ platformaları ilə tanış deyildik. ANİMAFİLM Festivalı, Fransa Səfirliyi və Fransa İnstitutu tərəfdaşlığı ilə dünyanın ən məşhur animasiya festivalı – Annecy-də bu platformalarla tanış olduq. Sahənin beynəlxalq perspektivlərini daha dərindən aydınlaşdıra bildik”.
Anita Chernykh (“ReAnimation” şirkətinin direktoru, Qazaxıstan): “Festivaldan gözəl təəssüratlarla ayrıldım. Dünyanın hər yerindən gələn çoxsaylı layihələrin əhatəsində olduqca, bizim güclü tərəflərimiz və ölkələrimizin animasiyasında inkişaf etdirməli, yüksəltməli olduğumuz məqamlar daha aydın görünürdü. Əlbəttə ki, yeni fikirlərin gerçəkləşdirilməsində ilham və güc yaranırdı”.
Serdar Durdyyev (“MenzilMekan” Animasiya şirkətinin direktoru, Türkmənistan): “MIFA-da iştirak ATA üçün başlanğıc ilində əhəmiyyətli bir mərhələ oldu. Məqsədimiz Türk animasiyasının üfüqlərini genişləndirməkdir. Şəxsən mən festivaldan dəyərli təcrübə qazandım və animasiya sənayesi daxilində şəbəkə imkanlarından yararlandım”.
Mənbə:
https://www.annecyfestival.com/en/news/official-prizes-ceremony
https://www.annecyfestival.com/en/the-festival/awards