Rejissor, rəssam, animator, ssenari müəllifi, yazıçı
Tərcümeyi hal:
Məsud Pənahi 10 yanvar 1943-cü ildə İranın Zəncan şəhərində doğulub. Yazıçı və şair Abbas Pənahi Makulunun oğludur. 1946-ci ildə Pənahi ailəsi ilə Bakıya köçüb.
Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorları – İvan İvanov və Fyodr Xitrukdan dərs alıb.
1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib. 1974-cü ildə Məsud Pənahi “Pıspısa xanım və Siçan bəy” (“Tıq-Tıq xanım”) kult animasiya filmini çəkib.
1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Festivalında “Bulud niyə ağlayır” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq Kino Festivalında “Qız qalası əfsanəsi” multfilminə görə iştirak diplomu ilə təltif edilib.
1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-a yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş̧ və Xocalı şəhərində baş vermiş̧ faciədən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir.
2018-ci ildə Məsud Pənahi 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub.
2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.
2023-cü ildə isə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən M.Pənahiyə “80 illik yubileyi və Almaniyadakı azərbaycanlı icmasına göstərdiyi davamlı səylərə görə xüsusi tanınma və minnətdarlıq işarəsi” diplomu təqdim edilib. 2023-cü ildə həmçinin Azərbaycan Dövlət Film Fondunda M. Pənahinin 80 illik yubileyi qeyd olunub.
Hazırda M. Pənahi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Narqız” adlı yeni animasiya filmi üzərində çalışır. “Narqız” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.
Linklər:
Məsud Pənahi ilə müsahibə – YouTube
Bloq: 80 yaşlı rejissorun keçdiyi yol: Tıq-tıq xanımdan minalaradək
Məsud Pənahi ilə müsahibə – “BAKU” jurnalı (rus dilində)
Filmoqrafiya (Azərbaycanda çəkilən filmlər):
1. “Bulud niyə ağlayır?” (1973, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam, ssenari müəllifi
2. “Pıspısa xanım və Siçan bəy” (1974, qısametrajlı animasiya filmi) — rejissor, quruluşçu rəssam
3. “Günlərin bir günündə…” (1975, qısametrajlı animasiya filmi) — rejissor, quruluşçu rəssam, ssenari müəllifi
4. “Pəncə… Qulaq… Palaz… Tikan…” (1976, qısametrajlı animasiya filmi) — rejissor, quruluşçu rəssam
5. “Dınqıl sazım, dınqıl” (1976, qısametrajlı animasiya filmi) — rejissor, quruluşçu rəssam
6. “Şah və xidmətçi” (1976, qısametrajlı animasiya filmi) — quruluşçu rəssam
7. “Xoruz” (1977, qısametrajlı animasiya filmi) — rejissor, quruluşçu rəssam, ssenari müəllifi
8. “Qız qalası əfsanəsi” (1978, qısametrajlı animasiya filmi) — rejissor
9. “Hədis” (2023, qısametrajlı animasiya filmi) – məsləhətçi
10. “Narqız” (istehsalda, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
Filmoqrafiya (Almaniyada çəkilən filmlər):
- “Ev” (1980, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Mətbəx əşyalarının bəhsi” (1981-1982, animasiya serialı) – 6 seriyanın rejissoru
- “Ayaqqabı oğrusu” (1982, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Zooparkda heyvanların mübahisəsi” (1982-1983, animasiya serialı) – 7 seriyanın rejissoru
- “Maks və Moris” (1983, animasiya serialı) – 7 seriyanın rejissoru və quruluşçu rəssamı
- “Xoruz döyüşü” (1984, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssamı, animator
- “Buludlu, mavi” (1984, ,qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam, animator
- “Şərq nağılları” (1985, animasiya serialı) – 3 seriyanın rejissoru və quruluşçu rəssamı
- “Görünməz papaq” (1987-1989, animasiya serialı) – 26 seriyanın rejissoru, quruluşçu rəssamı
- “Sonuncu alma” (1989, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Şaxta babanın nəvəsi” (1989, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Donky” (1993, animasiya serialı) – 1 seriyanın rejissoru, quruluşçu rəssam və animator
- “Üç muşketyor” (1994, qısametrajlı animasiya filmi) – rejissor
- “Tobias and His Lion” (1999, tammetrajlı animasiya filmi) – animator
- “The Little Polar Bear” (2001, tammetrajlı animasiya filmi) – animator
- “The Little Polar Bear: Lars and the Little Tiger” (2002, tammetrajlı animasiya filmi) – animator, vizual effektlər
- “The Little Polar Bear: The Dream of Flying” (2003, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- “The Little Polar Bear – Nanouk’s Rescue” (2003, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- “The Little Polar Bear: A Visitor from the South Pole” (2004, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- “Pozulmuş sülh” (2012, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam