Zəkiyyə Mahmudova

Rəssam, geyim rəssamı

Tərcümeyi-hal:

Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib.

Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının animasiya filmləri şöbəsində çalışmağa başlayıb.

Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub.

1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür. 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

2024-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.