Azərbaycanın tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız” qısametrajlı animasiya filminin pre-prodakşn mərhələsi başa çatıb və filmin istehsalına başlanılıb. “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə “PERİ FİLM” MMC (ANİMAFİLM Studio) tərəfindən istehsal olunur və 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.
“Narqız” filminin məqsədi işğaldan azad olunmuş ərazilərdə basdırılan mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların, həmçinin böyüklərin nəzərinə çatdırmaqdır.
Filmin quruluşçu rejissoru və quruluşçu rəssamı Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, Nəzrin Ağamalıyeva, redaktorları Rafiq Məmmədli, Gülşən Hüseynova, aparıcı animatoru Firəngiz Bağırova, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssamları Elçin Hami Axundov, Emil Şiran, Kübra Binnətova, Nəzrin Hacıyeva, animatorları Mehriban Əliyeva, Rüstəm Bəşirov, Emil Şiran, istehsalat üzrə əlaqələndiricisi Zərifə Əkbərova, hüquqşunası Emil Gözəlovdur.
Qeyd edək ki, “Narqız” layihəsinin kraudfandiq kampaniyası 2023-cü ilin iyul ayında uğurla başa çatıb (layihənin adı “Nərgiz” idi).
Filmin quruluşçu rejissoru Məsud Pənahi Azərbaycanın kult animasiya filmi sayılan “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və Siçan bəy”) filminin rejissorudur. 1973-cü ildən 1979-cu ilə kimi “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq Kino Festivalında “Bulud niyə ağlayır” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildən Almaniyada yaşayır. Orada 60-a yaxın animasiya filminin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri, 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən “Sükutun pozulması” animasiya filmidir. 2018-ci ildə Məsud Pənahi “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. O, 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.
Xatırladaq ki, “Narqız” qısametrajlı animasiya filmi Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-cü ilin iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qalibi olub və istehsalına dəstək göstərilməsi təsdiq edilib. Layihənin gerçəkləşməsinə gedən yol isə 23-24 noyabr 2023-cü il tarixlərində Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən keçib, burada 3 animasiya layihəsi iştirak edib: “44 gün” (“3Dost Production” MMC), “Narqız” (“PERİ FİLM” MMC) və “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC). 11 noyabr 2023-cü ildə elan edilən nəticələrə əsasən “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli animasiya, “Narqız” qısametrajlı animasiya film layihələri müsabiqənin qalibi olub və istehsalına dəstək göstərilməsi təsdiq edilib. 2024-cü ilin may ayında isə “Nağıl istəyirəm!” (“Birlik kinostudiyası” MMC) qısametrajlı animasiya filmi müsabiqənin nəticələri ilə bağlı Apellyasiya Komissiyasının müsbət rəyini alıb.
Mənbələr: