2025-ci il aprelin 30-da Azərbaycan kino rəssamı, animasiya filmlərinin rəssamı və rejissoru, Xalq rəssamı Rafiz İsmayılov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Allah rəhmət eləsin!
Rafiz İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R.İsmayılov bir neçə kitabin da tərtibatçı, rəssamıdır.
Rafiz İsmayılov dünyada məşhur olan Təbriz miniatür məktəbinin ənənələrini davam etdirərək, dəzgah rəngkarlığı və miniatür üslubunda müasir axtarışlar apararaq inkişaf etdirib.
Rafiz ismayılov rejissor kimi iki animasiya filmi çəkib – “Oda” (1990) (Vahid Talıbov ilə birlikdə) və “Torpaq” (2012). “Torpaq” filminin neqativi administrativ səhvə görə məhv olunub. “Oda” filmi isə itirilib.
Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında, eləcə də yerli və xarici şəxsi kolleksiyalarda qorunaraq saxlanılır.
Rafiz İsmayılov “Azərbaycan animasiyası” kitabının məsləhətçilərindən biri olub. 2018-ci ildə 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında iştirak edib.
O, “Əməkdar rəssam” (1982), “Xalq rəssamı” (2000) fəxri adlarına layiq görülüb. “Sevinc buxtası” filminə görə Dövlət mükafatı (1978) alıb. Rafiz ismayılov “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatının (2015), eyni zamanda rəssamlıq üzrə olan “Sultan Məhəmməd” mükafatının laureatıdır. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olub.
Rafiz İsmayılov Əməkdar incəsənət xadimi, kinorejissor Rasim İsmayılovun qardaşıdır.
Animasiya filmoqrafiyası:
Mənbələr: