

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya festivalında iştirak ediblər. Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay” və “Bum-bum” filmləri nümayiş olunub. Nümayişdə iştirak edən Lənkəran rayonunun məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada tərbiyə alan uşaqlar animasiya filmlərini böyük maraq və müsbət əhvali-ruhiyyə ilə izləyiblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev də iştirak ediblər.
Uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqəti ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə baş tutan tədbir həm də Azərbaycan animasiya sənətini azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, ilk dəfə geniş auditoriya qarşısında təqdim edilən “Bum-bum” filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə istehsal olunub.
Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunmuş “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton” animasiya filmləri ilə yanaşı, yeni “Yer və Ay”, “Bum-bum” filmləri də təqdim olunub.
Qeyd edək ki, “Həmişəyaşıl” və “Soyuz Qraviton” animasiya filmləri 8-ci ANİMAFİLM Festivalında qalib olublar. “Yer və Ay” qısametrajlı animasiya filmi Özbəkistan və Azərbaycan animasiya ustalarının birgə istehsalıdır.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə” tədbirləri baş tutub.