

Qazaxıstanın paytaxtı Astanada keçirilən RES 2026 EXPO (Regional Ecological Summit) beynəlxalq sərgisi çərçivəsində təşkil olunan “Astana Eco Film Festival”ının mükafatlandırma mərasimində “Yer və Ay” animasiya filmi “Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gəlib. Layihə Özbəkistanın “DIP Animation” və Azərbaycanın “PERİ FİLM” studiyaları tərəfindən hazırlanıb. Eyni zamanda, filmin istehsalında “ANİMAFİLM Studio”nun dəstəyi olub.
Filmin rejissoru və Özbəkistan tərəfdən prodüseri Pavel Kim, Azərbaycandan prodüseri isə Rəşid Ağamalıyevdir.
Bu layihə Azərbaycan və Özbəkistan arasında reallaşdırılmış ilk beynəlxalq birgə animasiya (co-production) istehsalıdır.
Filmin süjet xəttində Yer və Ay əbədiyyət oyunu oynayan iki dost kimi təqdim olunur. Lakin bəşəriyyətin yaranması bu harmoniyanı pozur və münasibətləri həyat uğrunda mübarizəyə çevirir.