Azərbaycanın tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız” qısametrajlı animasiya filminin istehsalı tamamlanıb. “Narqız” filmi Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyi ilə “PERİ FİLM” MMC (ANİMAFİLM Studio) tərəfindən istehsal olunub. Filmin premyerası yaxın vaxtlarda baş tutacaq. Filmin treyleri tamaşaçıların diqqətinə təqdim olunur.
Filmin məzmunu: İşğaldan azad olunmuş Qarabağ torpağında həyat yenidən çiçəklənir. Balaca Narqız göyə çərpələng uçurur və dünyada hər şeyi unudaraq onun dalınca qaçır. Sevinc içərisində olan qız torpaq altında olan və öz saatını gözləyən təhlükənin fərqində deyil. Bu minadır.
“NARQIZ” qısametrajlı animasiya filmi ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. Filmin əsas məqsədi uşaqların diqqətini mina təhlükəsinə cəlb etmək, eləcə də işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Maarifləndirici səciyyə daşıyan film insanlar üçün dinc dövrdə ən böyük təhlükə olan minalar, onlardan qorunmaq, ehtiyatlı davranmaq qaydalarını və təcrübələrini paylaşmağın vacibliyini vurğulayır. Bütün bunlar audiovizual vasitələr, milli mədəni irsimizin inciləri, təsviri tamaşaçıya daha aydın çatdıran musiqi və qrafika vasitəsilə təqdim olunmaqla, XXI əsrin müasir və gerçək vaqeəsini nəql edir.
Filmin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssam Elçin Hami Axundov, səsləndirmə rejissoru Qurban Məsimov, redaktorlar Rafiq Məmmədli, Gülşən Hüseynovadır.
Xatırladaq ki, “Narqız” qısametrajlı animasiya filmi Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyulun 18-də elan edilən film layihələri müsabiqəsinin qalibi olub və istehsalına dəstək göstərilməsi təsdiq edilib.
Qeyd edək ki, “Narqız” layihəsinin kraudfandiq kampaniyası 2023-cü ilin iyul ayında uğurla başa çatıb (layihənin adı “Nərgiz” idi).