Əfsanəvi “Tıq-Tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi tamaşaçılara müraciət edib: “Sizin köməyinizə ehtiyac var! Uşaqlar üçün “Nərgiz” adlı yeni cizgi filmi hazırlamaq üçün bizə maddi dəstək verin”.
“Nərgiz” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır”, deyə müəllif bildirib.
İanə kampaniyası Toxum.org portalında həyata keçirilir və dəstəkçilər üçün xüsusi mükafatlar nəzərdə tutulub.
Filmin prodüseri Rəşid Ağamalıyev deyib ki, “Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Minatəmizləmə Agentliyinə və digər aidiyyatı qurumlara müraciət edirik – bu həyati əhəmiyyətli layihəyə dəstək olun!”
Qeyd edək ki, Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.
“Nərgiz” filminin məqsədi, həmçinin, ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyatın diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.