YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” animasiya filminin premyerası baş tutacaq. Tədbir 1 iyun 2023-cü il tarixində, saat 19:00-da keçiriləcək. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayiş etdiriləcək. Filmin nümayişindən sonra yaradıcı heyətlə müzakirələr aparılacaq. Giriş sərbəstdir.
Rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Hədis hazırda İranda Azərbaycan müqavimətinin və etnik mübarizənin simvolu kimi də hörmətlə qarşılanır.
Filmin prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır, montajçı Jorge Sánchez Calderón, bəstəkar Ondřej Zavadil, səsləndirən Zöhrə Kərimi, redaktoru Rafiq Məmmədlidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.
Xatırladaq ki, “Hədis” rəsmən bu ilin Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.
“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.