Direktor:
Rəşid Ağamalıyev
Haqqında:
2018-ci ildə, Azərbaycan animasiyasının 50 illiyi ərəfəsində təsis olunmuş “PERİ FİLM” şirkəti ölkədə kino sənətinin, xüsusilə böyüməkdə olan nəslin maarifləndirilməsinə, humanist prinsiplərlə tərbiyəsinə yönəlmiş animasiya kinosunun inkişafı, təbliği və peşəkarlaşmasına öz töhfəsini vermək məqsədilə yaradılıb.
“PERİ FİLM” MMC 2018-ci ildə “Azərbaycan animasiyası” kitabını nəşr edib. 2018-ci ildən, həmçinin, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçısıdır. 2024-cü ildə ANİMAFİLM festivalı 7-ci dəfə Bakıda keçirilib və Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) kvalifikasiyanı alıb.
2020-ci ildə “PERİ FİLM” şirkəti “ANİMAFİLM Studio” adı ilə animasiya filmləri istehsal etməyə başlayıb. Şirkətin komandası uşaqlar və böyüklər üçün yüksək keyfiyyətli animasiya filmləri çəkmək həvəsində olan yerli və beynəlxalq peşəkarlardan ibarətdir.
2023-cü ildə şirkətin istehsal elədiyi “Hədis” animasiya filminin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. Film 45-dan çox beynəlxalq festivalda iştirak edib (bu festivallardan yeddisi Oskar kvalifikasiyalı festivallardır) və 9 mükafat qazanmışdır.
2024-cü ildə “PERİ FİLM” MMC Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Narqız” adlı yeni qısametrajlı animasiya filmini istehsal edib. “Narqız” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır.
Linklər:
“Azərbaycan animasiyası” kitabı
Filmoqrafiya:
- “ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının treyleri” (2020-2024) – rejissorlar Nicolina Sterbet, Hasan Pastacı, Dimitrios Poursanidis, Firəngiz Bağırova, Nəzrin Ağamalıyeva, Nərgiz Mahmudova
- “Sara, hara?” (2021, qısametrajlı animasiya filmi) – rejissor Vəfa Əli
- “Hədis” (2023, qısametrajlı animasiya filmi) – rejissor Nəzrin Ağamalıyeva
- “Sən haralısan, durna?” (2024, tammetrajlı sənədli film) – rejissor İlkin Yusif
- “Narqız” (2024, qısametrajlı animasiya filmi) – rejissor Məsud Pənahi
- “Qeyri-adi qorxu” (inkişaf mərhələsi) – rejissor Nəzrin Ağamalıyeva
- “Səma qızı” (inkişaf mərhələsi) – rejissor Mehrban Əliyeva