Xocalı soyqırımının bu il 32-ci ildönümüdür. Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insan olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımına aid animasiya filmləri çəkilib, amma onların sayı çox deyil. Bu məqalədə, bu mövzuda olan az sayıda animasiya filmlərimizi sizlərə təqdim edəcəyik. Hansıki bu animasiya filmləri beynəlxalq film və animasiya filmləri festivallarında iştirak etmiş, dünyadakı Xocalı soyqırımından xəbəri olmayan insanlara bu faciəli həqiqətləri çatdırmışdır. 3 fərqli animasiya rejissorları tərəfindən çəkilən animasiya filmlərini sizlərə təqdim edirik.
SÜKUTUN POZULMASI (2012) – Məsud Pənahi
Bu animasiya filmi, Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi Məsud Pənahi tərəfindən çəkilmişdir. O, 1970-ci illərdə Azərbaycanda çəkdiyi animasiya filmləri ilə tanınır. Onun ən məşhur əsəri “Pıspısa xanım və Siçan bəy”dir.
1979-cu ildən Almaniyada yaşamağa başlayan M. Pənahi, burada da animasiya sahəsində fəal işləyib. O, Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. Azərbaycan Animasiyası (2018) kitabındakı məlumata əsasən “Məsud Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş “Sükutun pozulması” (Zerstörter Friede) filmidir. Kompüter ilə cizgi animasiya texnikası birləşdirilməsi nəticəsində ərsəyə gələn foto, uşaq şəkilləri və videomateriallardan ibarət olan bu fillm-kollaj Xocalı şəhərində baş vermiş faciədən bəhs edir. Sülhə səsləyən bu filmdə Motsartın musiqisi və Qədim Roma tarixçisi Sallüstinin fikirləri səslənir”.
Motsartın musiqisi, insanların ruhunu yüksəldən və onlara sülh və sevgi hissi verən bir vasitədir. Məsud Pənahi, filmində Motsartın “Requiem” adlı əsərindən bir hissəni səsləndirib. Sallüstinin fikirləri isə, müharibənin nəticələrini və sülhün əhəmiyyətini bəyan edir. Sallüstin, filmində səslənən bir sitatında belə deyir: “Müharibə, qaliblərə də, məğlublara da, yalnız zərər və ziyan gətirir. Sülh isə, hər iki tərəfə də, yalnız fayda və xeyir gətirir.”
İNİLTİ (2021) – Ruslan Kərimov
“İnilti” animasiya filmi, Xocalı faciəsi zamanı ailəsi və bütün kənd əhalisi ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş bir uşaqdan bəhs edir. Bütün bu dəhşətləri o görür. Animasiya filmi Xocalı Soyqırımından sağ çıxan bir uşağın başına gələn faciəni əks etdirir. Animasiya filmindəki hadisələr real faktlara əsaslanır.
Animasiya filminin ssenari müəllifi, rejissoru, 3D animator, VFX, səs və montajı Ruslan Kərimova məxsusdur.
“İnilti” filmi, 2021-ci ildə 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı və 4-cü ANİMAFİLM Beynəxalq Animasiya Filmləri Festivalında seçilmişdir. “İnilti” animasiya filmi 4-cü ANİMAFİLM Beynəxalq Animasiya Filmləri Festivalında, münsiflər heyətinin üzvü Məsud Pənahinin xüsusi seçimi mükafatını qazanıb. “İnilti” animasiya filminin rejissoru Ruslan Kərimov deyir ki, animasiya filmi büdcəsiz olaraq çəkilib və ikinci hissəsi gələcəkdə çəkiləcək.
QARA BULUDLAR (2022) – Ruslan İbrahimli
“Qara buludlar” animasiya filmi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq 26 fevral 2022-ci il üçün çəkilmiş qısametrajlı animasiya filmidir. Həmçinin, Azərbaycan animasiya film sahəsinin inkişafına töhvə olaraq, tamamı ilə büdcəsiz olaraq hazırlanıb.
“Qara buludlar”, Azərbaycanın gənc rejissor, ssenarist, animator və quruluşçu rəssamı Ruslan İbrahimlinin yaradıcılığı ilə çəkilmiş animasiya filmidir. Animasiya filminin əsas rəssamı isə Sevinc Quliyevadır. Animasiya filminin mövzusu belədir: Atası döyüşdə olan balaca qız uşağı, atası ilə telefonda danışır. Atası qızına nəyə görə döyüşdüyünü onun dili ilə başa salmağa çalışır.
Animasiya filmində arxa fonda İkinci Qarabağ müharibəsində döyüşən əsgər və onun 5 yaşlı qızı danışsa da, vizual olaraq görüntüdə 1992-ci ilin fevral ayının 25-indən 26-na keçən gecə Xocalıda baş vermiş faciə görtərilir. Yəni animasiya filmi iki fərqli zaman cizgisini bir araya gətirir. Animasiya filmi, ilk eksperimental animatik çəkliş texnikası ilə çəkilib. Animatik, storyboard rəsmləri ilə cüzi animasiya hərəkətlərindən istifadə edərək, bir hekayəni görüntülər şəkilində izləyiciyə animasiya film kimi göstərən bir animasiya janrı növüdür. 2d çəkliş, 3d animasiya üçün nəzərdə tutulmuş kamera hərəkəti, ağ-qara rəng və storyboard texnikasından istifadə edilib.
“Qara buludlar” animasiya filmi, təkcə 2022-ci ildə İngiltərənin LİFT-OFF GLOBAL NETWORK: First-Time Filmmakker Sessions 2022 festivalı tərəfindən seçilib. Hindistanın One Earth Awards film festivalı tərəfindən seçilib. İtaliyanın Festival del Cinema di Cefalù adlı film festivalı tərəfindən seçilib. ABŞ-ın Florida ştatında keçirilən OTB | Only The Best Film Awards film festivalında Yalnız Ən Yaxşı Rejissor film müsabiqə kateqoriyasının xüsusi qalibi olub. Azərbaycanda keçirilən 5-ci ANIMAFILM International Animation Festivalında, Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi kateqoriyasına seçilib. 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı tərəfindən festivalın “Panorama” (müsabiqədənkənar) proqram bölməsində nümayiş üçün seçildi və 11-15 noyabr tarixində Nizami Kino Mərkəzində nümayiş etdirildi. 2023-cü ildə isə Hindistanın Kalakari Film Fest festivalı tərəfindən seçilib və mükafat qazanıb. Hindistan və ABŞ festivalından mükafat qazanan animasiya filmi, Azərbaycanın gənc storyboard animasiya rəssamı Sevinc Quliyevanın rəssamlığı ilə yaradılıb. Film, Azərbaycanın məşhur aktyoru və dublyaj sənətçisi Vüsal Murtuzəliyev və Jasmin Qasımovanın səsləndirməsi ilə canlanıb.
“Qara buludlar” filmi, Azərbaycanın tarixi və mədəniyyətinin bir parçası kimi, Xocalı soyqırımının acı xatirəsini yaşatmaq və yeni nəsilə bu mesajı ötürmək üçün yaradılmışdır. Animasiya filmi, həmçinin, animasiya filmi sənətinin inkişafına da töhfədir. “Qara buludlar”, Azərbaycanın gənc və istedadlı animasiya filmi sənətkarlarının yaradıcılığını və potensialını göstərir”.
Müəllif: Ruslan İbrahimli
Mənbə:
“Qara buludlar”, 2022, Youtube.
5-ci ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli oldu, 2022 Anima.az.
Panorama – Müsabiqədənkənar nümayiş, 2022, Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, Filmfestival.az.
Məsud Pənahinin 80 illik yubileyi qeyd olunacaq, 2023, Anima.az.
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, 2021, Filmfestival.az.
IV ANİMAFİLM Beynəxalq Animasiya Filmləri Festival Qalibləri, 2021, Anima.az
Azərbaycanlı rejissor Xocalı soyqırımı haqda animasiya filmi çəkib – VİDEO, 2021, Sputnik.az
Müharibəni canlı görmək və onu filmdə yaratmaq: Gənc rejissorun xəyalı gerçək olub, 2021, Sputnik.az
Xocalı soyqırımı Azərbaycanlılara qarşı törədilən soyqırım, Wikiwand.
Sükutun pozulması (Zerstörter Friede) (2012). Rejissor – Məsud Pənahi, Youtube.