8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2025-cü il tarixlərində Bakıda keçiriləcək

ANİMAFİLM festivalı animasiya kinosu vasitəsilə yaradıcılığı təşviq edir. Biz inanırıq ki, animasiya filmləri insanları birləşdirə və cəmiyyətimizdə mühüm dəyişikliklər edə bilər. ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir. Festival proqramına yerli və beynəlxalq müsabiqələr, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlar da daxildir. 

Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.

2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

Təşkilatçılar: Azərbaycan Animasiya Assosiasiyası, PERİ FİLM MMC

Festivalın direktoru: Rəşid Ağamalıyev

Əlaqə: animafilm.biaf@gmail.com

Filmini göndər!

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb. 

Festivala təqdim olunacaq animasiya filmləri onlayn FilmFreeway platforması vasitəsilə qəbul edilir.

Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:

– Filmlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.

– Filmlər 2024-ci il yanvarın 1-dən sonra çəkilməlidir.

– Filmin 50%-dən çoxu animasiya olmalıdır.

– Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur.

– Müraciətlər üçün son tarix 15 iyun 2025-ci ildir.

Festivalı sosial şəbəkələrdə izlə:

Arxiv

7-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

2024-cü il 2-6 oktyabr tarixlərində Bakıda, “Azərbaycan” kinoteatrında keçirilən 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı uğurla öz işinə yekun vurub. Əsas mövzusu “SEVGİ” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas proqramdan – Müsabiqə, Müsabiqədənkənar və Peşəkarlar üçün proqramlardan ibarət idi. Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “SEVGİ” mükafatı ilə təltif olunublar.

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə 2023-cü il sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi. Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə edilib.

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

2022-ci il 7-11 sentyabr tarixlərində Nizami Kino Mərkəzində 5-ci ANİMAFİLM festivalı keçirilib. Festivalda uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “İqlim dəyişikliyi”, devizi isə “Bir bilet = bir ağac” idi. Bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN) Qarabağ Dirçəliş Fonduna ianə edildi. 2023-cü ilin aprel ayında Zəngilan rayonunda festival adından 412 ağac əkildi.

4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

3-7 sentyabr 2021-ci il tarixində Bakıda canlı formatda 4-cü ANİMAFİLM festivalı keçirilib. Festivalda 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “Əlillik” idi. Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün master-klası və Nik Phelps və Nancy Denney-Phelps-in aparıcılığı ilə bəstəkar və səs rejissorları üçün seminar baş tutdu. Ənənəvi olaraq uşaq münsiflər heyəti fəaliyyətdə idi.

23-25 noyabr tarixlərində isə 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri keçirildi. “ANİMAFİLM Şəkidə” tədbirində üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edildi.

3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

14-18 oktyabr 2020-ci il tarixində Bakıda 3-cü ANİMAFİLM festivalı keçirildi. Festivalın mövzusu “Azərbaycan uşaqları” idi. 3-cü ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirmək olub. Festivalda 31 uşaqdan ibarət uşaq münsiflər heyəti formalaşdırıldı. Festival çərçivəsində 3 teatr vörkşopu, iki günlük kukla animasiyası üzrə master-klasları və animasiya filmlərinin offlayn və onlayn nümayişləri oldu.  

2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

14-18 oktyabr 2019-cu il tarixində 2-ci ANİMAFİLM festivalı təşkil olundu. Festivalın mövzusu “Çexiya animasiyası” idi. Bu mövzu çərçivəsində uşaqlar və böyüklər üçün ən yaxşı çexiya multfilmləri nümayiş etdirildi. Festival gedişində Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş konfrans, yunan və fransız professionallarının aparıcılığı ilə animasiya vörkşopları keçirildi. “Ən yaxşı uşaq animasiya filmi” kateqoriyası üzrə nominasiyanı qiymətləndirmək üçün uşaq münsiflər heyəti formalaşdırıldı. Festivalın bağlanış mərasimində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına açıq məktub ünvanlandı. 300 nəfərin imzaladığı məktubda milli animasiyamızın problemləri əks olunmuşdu.

1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

19-21 oktyabr 2018-ci il tarixində 1-ci ANİMAFİLM festivalı baş tutdu. Festivalın mövzusu “Azərbaycan animasiyası” idi. Festival çərçivəsində milli animasiya tarixinə həsr olunmuş “ReAnimasiya” sərgisi, uşaqlar üçün kukla teatrı, fortepiano konserti, müəlliflərin iştirakı ilə ən yaxşı azərbaycan, gürcü və iran animasiya filmlərinin nümayişi, həmçinin, Rusiya, Çexiya, Almaniya və Gürcüstandan olan professionalların uşaqlar üçün master-klasları həyata keçirildi. Unudulmaz 3 gün ərzində uşaqlar və böyüklər 17 ölkəni təmsil edən 20-dən artıq filmdən ibarət zəngin müsabiqə proqramını izləmək imkanı qazandı. Festivalda 20 xarici və 500-ə yaxın yerli qonaq iştirak etdi.

23 mart 2019-ci il tarixində Çexiyanın Praqa şəhərində 1-ci ANİMAFİLM festivalının əks-sədası tədbiri təşkil olundu.